Şamxani İrəvandan sonra Bakıya gəlir – Səbəb

Şamxani İrəvandan sonra Bakıya gəlir – Səbəb

Əli Şamxani İranda çox vacib qərarların verildiyi Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi və ölkənin ali rəhbərinin xüsusi nümayəndəsidir. Şamxaninin səfərinin əsas məqsədi İranın Cənubi Qafqaz, ələlxüsus Azərbaycan və Ermənistanla bağlı siyasətini müəyyən etmək, müxtəlif problemli məsələləri aydınlaşdırmaqdır.

Bu sözləri AzerTimes-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib. Politoloq İranın özü üçün müəyyən məqamları aydınlaşdırmaq istədiyini qeyd edib:

“İlk növbədə Bakı və İrəvan arasında yeni bir proses başlayıb və İran sözügedən mərhələnin sülh yolu ilə davamında maraqlıdır. İkincisi isə beynəlxalq aləmdə baş verən hadisələr İranı da özünün ənənəvi siyasətində dəyişikliklər etməyə yönəldir. “Şərq-Qərb” və “Şimal-Cənub” xəttində nəqliyyat və logistika, eyni zamanda təhlükəsizlik baxımından vacib məsələlərin müzakirəsinə ehtiyac var. Praktika göstərir ki, Ukrayna kimi böyük ərazi və əhaliyə sahib olan ölkələrdə də müharibənin baş verməsi mümkündür. İranın da ərazisi çox böyükdür və əhalisi 83 milyon nəfərdən artıqdır. Ona görə də rəsmi Tehran hazırki məqamda birinci növbədə öz qonşularının geosiyasi istiqamət və məqsədlərini yenidən müəyyənləşdirmək və öz qırmızı xəttini göstərmək üçün aktiv xarici siyasət aparır”.

Qeyd edək ki, İranın Ali rəhbəri Əli Xameneinin xüsusi nümayəndəsi, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani 7 iyulda Ermənistana səfər edib. Şamxani 15 iyulda Azərbaycan Milli Təhlükəsizlik Şurasının katbi Ramil Usubovun dəvəti ilə ölkəmizə səfər edəcək.

Teqlər: