Samur-Yalama Milli Parkında “Təbiətin keşiyində” adlı eko-skaut düşərgəsi keçirildi (FOTO)

28-30 may tarixlərində IDEA İctimai Birliyi və Azərbaycan Skaut
Assosiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər
Fondunun dəstəyi ilə Samur-Yalama Milli Parkında “Təbiətin
keşiyində” adlı növbəti eko-skaut düşərgəsi təşkil edilib.

“Təbiətin keşiyində” düşərgələrinin məqsədi gəncləri
Azərbaycanın zəngin təbiəti, endem flora və faunası barədə
məlumatlandırmaq, təbiəti qorumaq, onlara təbiətin bəxş etdiyi
sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə
vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən
istirahəti təşviq etməkdir.

Düşərgəyə 18-25 yaş arası ətraf mühit və davamlı inkişaf
sahələrində təhsil alan, təhsilini tamamlamış və ya bu sahədə
təcrübəsi olan, həmçinin ekoloji fəallığı ilə seçilən 100 nəfər
gənc qoşulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə gənclər
üçün Samur-Yalama Milli Parkının ərazisində eko-tur təşkil edilib,
gənclərə milli parkın yaradılmasında əsas məqsəd, burada rast
gəlinən nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin
mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil
edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması
haqqında geniş məlumat verilib. Vəhşi Təbiət Fondunun (WWF)
mütəxəssisi tərəfindən Samur-Yalama Milli Parkında rast gəlinən
flora və fauna növləri haqqında mühazirə keçirilib.

Gənclər üçün üç günlük düşərgə müddətində Azərbaycanın
biomüxtəlifliyi və milli parkları, eləcə də Dayanıqlı İnkişaf
Məqsədləri (DİM) mövzusunda təlim, o cümlədən dağçılıq kimi idman
sahələrində müasir avadanlıqlarından istifadə, qeyri-adi
vəziyyətlərdən çıxış üsullarını və yaralıya ilk tibbi yardım
qaydalarını praktiki təlimlərlə öyrənməklə yanaşı, əsrarəngiz
mənzərəsi olan yerlərə yürüşlər, oxatma, idman oyunları,
zipline-dan üçuş, ekstremal gecələmə, müxtəlif ekoloji yarışlar və
müsabiqələr keçirilib. Həmçinin, gənclər qlobal ətraf mühit
problemləri üzrə fikir mübadilələrində və musiqili əyləncələrdə
iştirak ediblər.

Düşərgənin sonunda iştirakçılara xatirə sertifikatları təqdim
edilib.

Qeyd edək ki, IDEA İctimai Birliyinin “Eko-skaut” layihəsinə
2017-ci ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri
təbiətin mühafizəsinə cəlb etmək, canlı aləmi dərindən öyrənməyə və
qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa
sövq etməkdən ibarətdir. “Eko-skaut” layihəsi çərçivəsində ilk
düşərgə isə 2018-ci ilin may ayında Şirvan Milli Parkında, daha
sonra Ağgöl, Göygöl, Şahdağ və Hirkan Milli Parklarında
keçirilib.

Ekoloji maarifləndirmə, insan fəaliyyəti nəticəsində təbiətə
vurulan ziyanın azaldılması və tədricən aradan qaldırılması, eləcə
də təbiətə münasibətdə etik davranışın formalaşdırılmasının
əhəmiyyətini nəzərə alaraq, “Təbiətin keşiyində” eko-skaut
düşərgələrinin ölkəmizin digər milli parklarında da keçirilməsi
planlaşdırılır.

Teqlər: