Qazaxıstanın “Samruk-Kazına” Milli Rifah Fondu” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri A.Satkaliyev və “KazMunayGaz” Milli Şirkəti Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri A. Aydarbayevin rəhbləriliyi altında nümayəndə heyəti ölkəmizə 1-3 iyul tarixlərini əhatə edən işgüzar səfərə gəliblər. Səfərin məqsədi “Sətti” özüqalxan üzən qazma qurğusunun təkmilləşdirilməsi ilə bağlı işlərlə tanış olmaq, eləcə də neft-qaz sahəsində birgə cari layihələrin icrası barədə müzakirələrin aparılması və gələcək əməkdaşlıq imkanlarının araşdırılmasıdır.
AzerTimes-ın məlumatına görə, səfər çərçivəsində nümayəndə heyəti ayrı-ayrılıqda Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan İnvestisiya Holdiniqinin Baş icraçı direktoru Ruslan Əlixanov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev və “Kaspian Drilinq Kompani Limited” MMC-nin baş direktoru Fərid Axundovla görüşlər keçirmişdir.
2 iyul tarixində nümayəndə heyəti “Kaspian Drilinq Kompani Limited” MMC-nin müasir dəniz təchizat və logistika bazasını ziyarət etmişdir. SOCAR və BP şirkətlərinin rəhbər heyətlərinin də iştirak etdiyi mərasimdə “Sətti” özüqalxan üzən qazma qurğusunun modifikasiyası və hazırda cəlb olunduğu layihə üzrə istismarı barədə iştirakçılara geniş təqdimat verilmişdir. Nümayəndə heyəti “Sətti” ÖÜQQ-da görülmüş təkmilləşdirmə işləri ilə yerində tanış olmuşdur.
Məlumat üçün bildirilir ki, 2019-cu ilin yanvar ayında SOCAR və KazMunayGaz şirkətləri arasında imzalanmış memorandum, eləcə də həmin ilin fevralında “Kaspian Drilinq Kompani Limited” MMC (KDK) və “KMG Drilling and Services” MMT arasında bağlanmış müqaviləyə əsasən sonuncuya məxsus “Sətti” ÖÜQQ KDK-nın etibarlı idarəetməsinə verilmişdir. “Sətti” ÖÜQQ-nin təkmilləşdirilməsi qazma qurğularının tikintisi və təkmilləşdirilməsi üzrə böyük təcrübəyə malik KDK tərəfindən həyata keçirilmişdir. Qazma qurğusunun təkmilləşdirilməsi onun texniki və istehsalat qabiliyyətini artıraraq, 6 min metrdən çox dərinliyi olan kəşfiyyat quyularının təhlükəsiz və səmərəli qazılmasına şərait yaratmışdır. Hazırda “Sətti” qazma qurğusu Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəssində əməliyyatlara cəlb olunmuşdur. Gələcəkdə həmin qurğunun Xəzər dənizi akvatoriyasında digər əməliyyatlarda da istifadəsi nəzərdə tutulmuşdur.