Aprelin 25-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində
ölkəmizdə səfərdə olan İsrailin maliyyə naziri Aviqdor Libermanın
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən AzerTimes-a bildirilib ki, görüşdə Azərbaycan və İsrail
arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin yüksələn
xətt üzrə inkişaf etdiyi məmnunluqla qeyd olunub, iki ölkə arasında
iqtisadi-maliyyə, kiber təhlükəsizlik, yeni hesablaşma sistemləri
və yeni nəsil ödəniş vasitələri, dövlət maliyyəsinin idarə
edilməsi, qabaqcıl təcrübə və texnologiyalar sahələrində təcrübə
mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi
perspektivləri müzakirə edilib.
Nazir Samir Şərifov israilli həmkarını İsrailin bir neçə gün
əvvəl Asiya İnkişaf Bankına üzv qəbul olunması münasibətilə təbrik
edib, digər sahələrdə olduğu kimi dövlətlərarası beynəlxalq maliyyə
təşkilatları çərçivəsində də Azərbaycan və İsrailin qarşılıqlı
fəaliyyətinin genişlənəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində Aviqdor Liberman İsrailin Asiya İnkişaf Bankına
üzv qəbul edilməsində Azərbaycan tərəfinə göstərdiyi dəstəyə görə
minnətdarlığını bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də
fikir mübadiləsi aparılıb.