Şamaxı. Sədrəddin Ağcayev – Trend:
Azərbaycan hökuməti ölkədə texnologiyaların inkişafı və innovasiyalara böyük diqqət ayırır.
Trend-in məlumatına görə, bunu Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Tahir Məmmədov “Azad edilmiş ərazilərin innovativ inkişaf imkanları” adlı konfrans zamanı deyib.
Onun sözlərinə görə, Şamaxıda innovasiyalar və “yaşıl texnologiyalar” sahəsində bir sıra layihələr icra olunub.
“Biz vətəndaşların yerli icra hakimiyyətinə müraciətləri üçün elektron portalın yaradılması layihəsini reallaşdırmışıq. Onun vasitəsilə rayonun hər bir sakini icra hakimiyyətinə gəlmədən müraciət edə bilər”, – deyə o, bildirib.
Bundan başqa icra başçısı bildirib ki, portalın işi icra hakimiyyətinin əməkdaşlarının öhdəliklərinin icrasının şəffaflığını təmin edəcək və müraciətlərin monitorinqini aparmağa imkan verəcək.
(Tərcümə: Orxan Nəbiyev)