Xəbər - Trebd:
01.10.2021-ci il tarixdə Şamaxı rayon sakini Səkinə Cəfərovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Şamaxı rayon prokurorluğundan AzerTimes-a bildirilib ki, istintaqla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Şakir Cəfərovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı azyaşlı uşaqlarının gözü qarşısında təpik və yumruqla sağlamlığa ağır zərər vuran çoxsaylı bədən xəsarətləri yetirərək Səkinə Cəfərovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Şakir Cəfərova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.