Şamaxı Astrofizika Rəsədxanasına baş direktor seçilib (FOTO)

AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi Yığın­ca­ğının 02 aprel 2021-ci il tarixində keçirilən onlayn iclasında AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baş direktoru vəzifəsinə seçkilər keçirilib.

AMEA-dan AzerTimes-a verilən məlumata görə, öncə FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Ab­di­nov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 08 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Namiq Cəlilovun namizədliyi irəli sürülüb.

Akademik Cavad Abdinov qeyd edib ki, AMEA-nın müxbir üzvü Namiq Cəlilov kosmik plazma fizikası sahəsində tanınmış alimdir və Rusiya, Kanada və İspaniya alimləri ilə birlikdə neytrin fizikası sahə­sində mühüm işlərin, həmçinin 140 elmi əsərin (xaricdə 120), beynəlxalq bazalarda (Web of Science, Scopus və s.) 95-dən çox əsərin müəllifidir. Namiq Cəlilov 2015-ci ildən AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktorudur. Alim “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” və Rusiya Elmlər Akademiyasının “İZMİRAN-75 ” yubiley medalları ilə təltif olunub.

Onlayn iclasda akademik AMEA-nın müxbir üzvü Namiq Cəlilovun elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri tərəfindən geniş müzakirə olunub və yüksək qiymətləndirilib.

On­layn iclasda keçirilən açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Na­miq Cəlilov AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

Teqlər: