Salyanda kəndlərdən oğurluq edən maskalı saxlanıldı

Salyanda kəndlərdən oğurluq edən maskalı saxlanıldı

Son günlərdə sosial şəbəkələrdə Salyan rayonunun bir neçə kəndində maskalı şəxsin evlərə oğurluq məqsədi ilə daxil olması, eləcə də ev sahiblərinə xəsarətlər yetirməsi barədə məlumatlar paylaşılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla onun rayonun Yenikənd kənd sakini Vüsal Cəfərov olduğu müəyyən edilib.

Dindirilmə zamanı o, törətdiyi cinayət əməllərini etiraf edərək, peşman olduğunu bildirib.

Aparılan istintaq zamanı məlum olub ki, V.Cəfərov rayonun Yenikənd və Şəkərli kəndləri ərazisində yerləşən beş fərdi yaşayış evinə qanunsuz daxil olub. Üç evdən pul oğurlayan həmin şəxs, son iki evə daxil olan zaman ev sahibləri ilə rastlaşıb və onlara xəsarət yetirərək hadisə yerlərindən qaçıb.

Faktlarla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Teqlər: