Türkiyənin Sakarya vilayətinin Serdivan qəsəbəsində Xocalı
soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalı şəhidləri”
abidəsinin açılış mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Sakarya
Böyükşəhər Bələdiyyəsi, Sakarya Universiteti, Sakarya Universiteti
nəzdindəki Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik təşkilatının,
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə
təşkilatçılığı ilə keçirilən mərasimdə yerli ictimaiyyətin
nümayəndələri, Azərbaycandan gələn qonaqlar, Sakaryada yaşayan
soydaşlarımız və təhsil alan tələbələr iştirak ediblər.
Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə
başlayan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Mərasimi giriş sözü ilə açan Sakarya Universiteti Azərbaycan
Təhsil, Mədəniyyət və Həmrəylik təşkilatının rəhbəri Sahib Haşimov
abidənin ucaldılmasına dəstək göstərdiklərinə görə Sakarya
Böyükşəhər Bələdiyyəsinə və digər müvafiq qurumlara minnətdarlığını
bildirib.
Sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı,
“İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müdiri,
hüquq elmləri doktoru, professor Əmir Əliyev, Sakarya Böyükşəhər
Bələdiyyəsinin nümayəndəsi Ziya Cevherli və Diasporla İş üzrə
Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev mərasimdə
çıxış ediblər. Natiqlər Azərbaycan və Türkiyə dövlət başçılarının,
xalqlarımızın və türk dünyasının Xocalı soyqırımı həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması naminə həyata keçirdikləri
fəaliyyətə diqqəti cəlb ediblər. Erməni cəlladlarının Xocalıda dinc
sakinlərə qarşı törətdikləri bəşəri cinayətin unutdurulmasına yol
verilməyəcəyini, Vətən müharibəsində qazandığı böyük Zəfərlə
ölkəmizin ermənilərə tutarlı cavab verdiyini nəzərə
çatdırıblar.
Tədbir abidənin açılması ilə başa çatlb.
Mərasimdən sonra Sakarya Universitetində təhsil alan
azərbaycanlı tələbələrin Komitə sədrinin birinci müavini Valeh
Haclyev və TADEF-in sədr müavini Pərviz Məmmədzadə ilə görüşü
keçirilib. Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb
və tövsiyələr verilib.