Qarabağda ləğv edilən qondarma rejimin “rəhbəri” Samvel Şahramanyan İrəvanda yeni çıxışa hazırlaşır.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Bildirilib ki, Şahramanyan yaxın günlərdə “susqunluğunu” pozacaq və hər şeyi açıqlayacaq.
“Hraparak” nəşri yazır ki, Şahramanyan Babayandan fərqli olaraq Ermənistanın İctimai kanalında danışmayacaq:
“Ona burada efir vaxtı verilməyib. O, sadəcə müsahibəsini dərc edəcək və hər şeyi – Qarabağdan çıxmamışdan öncə baş verənləri, aparılan danışıqlar, Ermənistana qayıdan erməni əhalisinin problemləri, o cümlədən, hansı problemlərin “ixtira edildiyini” açıqlayacaq”.
Şahramanyanın Paşinyan hakimiyyəti ilə qarşıdurması fonunda onun fikirlərinin yeni qarşıdurmaya səbəb olacağı gözləntisi var. Məlumatlara görə, Ermənistan hakimiyyəti separatçıları sıradan çıxarmaq üçün yeni addımlar atmağa hazırlaşır.
“Hraparak” yazır ki, Paşinyan Şahramanyana qarşı Babayanla yanaşı, yeni fiqur da irəli sürmək niyyətindədir.
“Məlumatlar var ki, hakimiyyət Babayanın Şahramanyana qarşı təşkil etdiyi aksiyadan razı qalmayıb. Artıq yeni fiquru oyuna daxil etmək niyyətindədir. Bu şəxsin keçmiş “xarici işlər naziri” Armen Qriqoryan olacağı gözlənilir”, – nəşr yazır.
Nəşr əlavə edir ki, Paşinyanın planı (qondarma) “artsax” “strukturlarını” ləğv etmək, onları QHT-yə çevirməkdir.