Şahmatçılarımız Avropa çempionatının 9-cu turunda iştirak ediblər

Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatının 9-cu turunun oyunları keçirilib.

Trend xəbər verir ki, təmsilçilərimiz Zeynəb Məmmədyarova Mişel Katkov (İsrail), Türkan Məmmədyarova Ellen Nielsen (Danimarka), Nəsrin Babayeva Yasmin Sxlofer (Avstriya), Ayan Allahverdiyeva Louise Başilina (Almaniya) üzərində qələbə qazanıblar. Gövhər Beydullayevanın Tranq Hoanq (Macarıstan), Ülviyyə Fətəliyevanın Stavrula Tsulakidou (Yunanıstan), Xəyalə Abdullanın Marina Makropolou (Yunanıstan) ilə qarşılaşmaları heç-heçə ilə nəticələnib, Gülnar Məmmədova Nataliya Buksa (Ukrayna), Günay Məmmədzadə Mai Narva (Estoniya), Xanım Balacayeva Olqa Badelkaya (Belarus) məğlub olublar.

Doqquz turdan sonra G.Məmmədova 6, G.Məmmədzadə, Ü.Fətəliyeva, G.Beydullayeva 5,5, X.Balacayeva, Zeynəb Məmmədyarova 5, T.Məmmədyarova 4,5, N.Babayeva, X.Abdulla 4, A.Allahverdiyeva 3,5 xal toplayıblar. Turnir cədvəlinə 7,5 xalla ukraynalı Yuliya Osmak başçılıq edir.


Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir.

Teqlər: