Şahin Mustafayev İranın yol və şəhərsalma naziri ilə görüşüb (FOTO)

Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-İran
Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev fevralın 12-də İran
İslam Respublikasının yol və şəhərsalma naziri, Dövlət
Komissiyasının İran tərəfdən həmsədri Rüstəm Qasimi ilə
videoformatda görüşüb. Görüşdə, həmçinin hər iki ölkənin müvafiq
dövlət strukturlarının nümayəndələri iştirak ediblər.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzerTimes-a bildiriblər ki,
görüş zamanı Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə,
xüsusilə iqtisadiyyat, ticarət, nəqliyyat-tranzit, energetika,
sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə əlaqələrin
inkişafından məmnunluq ifadə edilib.

Ötən ilin noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq
Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti
İlham Əliyev ilə İran Prezidenti Seyid İbrahim Rəisi arasında
keçirilmiş görüşün tarixi əhəmiyyəti vurğulanaraq, dövlət
başçılarının bu görüşü ilə Azərbaycan-İran münasibətlərinin yeni
mərhələyə qədəm qoyduğu bildirilib.

2022-ci ilin Azərbaycanla İran arasında diplomatik əlaqələrin
qurulmasının 30 ilinin tamam olması ilə əlamətdar olduğu
məmnunluqla qeyd edilib.

Koronavirus pandemiyasının mənfi təsirlərinə baxmayaraq,
Azərbaycan-İran ticarət dövriyyəsinin 30 faiz artdığı diqqətə
çatdırılıb.

Nəqliyyat-tranzit sahəsində uğurlu əməkdaşlıq xüsusi
vurğulanaraq, iki ölkə arasında avtomobil daşımalarının həcminin
2021-ci ildə əhəmiyyətli dərəcədə – 70 faiz artması məmnunluqla
qeyd olunub.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi iki ölkə arasında
ticarət və nəqliyyat-tranzit sahələrində əlaqələrin inkişafı
baxımından prioritet olaraq dəyərləndirilib.

Görüşdə Dövlət Komissiyasının növbəti iclasının keçirilməsi
məsələsi, həmçinin Azərbaycanla İran arasında qarşılıqlı faydalı
əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi yolları
müzakirə edilib.

Teqlər: