Azərbaycan və İran rəsmilərinin görüşü zamanı Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsindən narahatlıq ifadə olunub, çayın ətraf mühitinin mühafizəsi üçün birgə səylərin zəruriliyi diqqətə çatdırılıb.
AzerTimes xəbər verir ki, məsələ oktyabrın 20-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının vitse-prezidenti, İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Əli Salaciqi ilə görüşdə müzakirə edilib.
Görüşdə cari ildə diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edən Azərbaycanla İran arasında ali siyasi dialoqun mövcud olduğu məmnunluqla vurğulanıb.
Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində Azərbaycan və İran prezidentləri arasında keçirilmiş görüş bunun təzahürü kimi qiymətləndirilib.
İki ölkə arasında siyasi, ticari-iqtisadi, nəqliyyat-tranzit, energetika, mədəniyyət, ətraf mühit və digər sahələrdə dostluq və qonşuluq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub.
Eyni zamanda bölgədə nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün geniş imkanlar yaratdığı bildirilib.
Bakıda keçirilən “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 6-cı iclasının əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə məsələləri Azərbaycanın milli siyasətinin prioritet istiqamətlərindəndir. Xəzər dənizinin ətraf mühitinə mənfi təsirin minimuma endirilməsi istiqamətində ölkəmiz tərəfindən ardıcıl tədbirlərin görüldüyü diqqətə çatdırılıb.
Ekoloji problemlərin həlli üçün Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Eyni zamanda Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsindən narahatlıq ifadə olunub, çayın ətraf mühitinin mühafizəsi üçün birgə səylərin zəruriliyi diqqətə çatdırılıb.