Şahin Mustafayev İrana səfər edəcək

2022-ci il mayın 18-də Baş nazirin müavini Şahin Mustafayevin
rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasına səfər
edəcək.

AzerTimes-ın məlumatına görə,
nümayəndə heyətinə Energetika, Yüksək Texnologiyalar və Nəqliyyat,
Xarici İşlər nazirlikləri, Gömrük Komitəsi, Avtomobil Yolları
Dövlət Agentliyi , “Azərbaycan Dəmir Yolları” QSC və digər
qurumların məsul vəzifəli nümayəndələri daxildir.

Səfər çərçivəsində nümayəndə heyətinin İranın Yol və Şəhərsalma
Nazirliyi, Xarici İşlər Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı
və digər qurumlarında görüşlərin keçirilməsi nəzərdə tutulur.

Görüşlərdə Azərbaycanla İran arasında nəqliyyat-tranzit,
logistika, energetika, sənaye, ticarət, sərmayə və digər məsələlər
müzakirə olunacaq. Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında
İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi
rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının
yaradılması haqqında Anlaşma Memorandumunun icrası, bu layihənin
həyata keçirilməsinin regional inkişafın təmin edilməsində
oynayacağı rol əsas müzakirə mövzularından biri olacaq. Həmçinin,
İran şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində
aparılan bərpa və yenidənqurma işlərinə cəlb edilməsi və bu sahədə
həyata keçirilən tədbirlər də ətraflı müzakirə ediləcək.

Qeyd edək ki, mehriban qonşuluq, dostluq, qarşılıqlı hörmət və
səmərəli əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-İran
münasibətləri dinamik inkişaf edir. 2021-ci il noyabrın 28-də
Aşqabad şəhərində keçirilmiş İƏT dövlət başçılarının Sammiti
çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti
Seyid İbrahim Rəisi ilə görüşü ikitərəfli əlaqələrin inkişafına
önəmli təkan verdi. Bu gün İran şirkətlərinin Azərbaycanın işğaldan
azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərinə cəlb
edilməsi ikitərəfli əlaqələrin dinamik inkişafının təzahürüdür.

Teqlər: