Şahın atasının türbəsi məhv olur – Foto

Şahın atasının türbəsi məhv olur – Foto

Artıq bir neçə dəfə Siyəzən rayonunda yerləşən Şah İsmayıl Xətainin atası, Səfəviyyə ordeninin başçısı Şeyx Heydərə məxsus türbənin baxımsız halda olması barədə məlumatlar dərc etmişik.

AzerTimes xəbər verir ki, bu dəfə məsələ ilə bağlı tarixçi alim Zaur Əliyev paylaşım edib.

O bildirib ki, türbə qədim Şıxlar qalıqlarından 200 metr qərbdə köhnə kənd qəbiristanlığının içərisində yerləşir:

“Türbə demək olar ki, dağılıb. Yalnız ortada qəbir və onun ətrafında yerli daşlardan hörülmüş bir metr hündürlüyündəki türbə divarları qalıb. Azərbaycanda naməlum şəxslər türbənin ön və arxa hissəsində qanunsuz qazıntı işləri aparıblar. Bu səbəbdən türbə daha da yararsız vəziyyətə düşüb”.

Z.Əliyev, həmçinin, türbənin tikilməsinin qəribə tarixinin olduğunu yazıb:

“Şah İsmayıl döyüşlərdə öldürülüb, başı kəsilən atası Şeyx Heydərin məzarını uzun zaman axtardıqdan sonra burada tapır. Daha sonra atasının məzarı üstündə türbə tikir. Azərbaycan tarixşünaslığında Şeyx Heydərin Şahdağ yaxınlığında öldürüldüyü qeyd olunur. Lakin bəzi yerli rəvayətlərə görə, o, döyüşdən yaralı qayıdarkən Beşbarmaq yaxınlığında vəfat edir və burada dəfn olunur. Məhz dəfn olunduğu yerdə sonralar onun müridlərindən 7 ailə məskən salır və şeyxin məzarı üzərində inşa edilmiş türbədə xidmətlərini davam etdirirlər. Qədimdə bu ərazidə mövcud olmuş Təkəli və Şıxlar kəndləri məhz həmin ailələr tərəfindən salınmış hesab olunur.

Şeyx Heydərin qəbri üzərində bişmiş kərpicdən tikilmiş məqbərə binası iki otaqdan ibarətdir. Hazırda üstü uçmuşdur. Günbəzin dayandığı tağ oturacaqları və günbəz dairəsinin qalığı görünməkdədir. Naxçıvan-Marağa memarlıq məktəbinə xas üslubda tikilmiş binanın bəzəklərində yaşıl, qara, qəhvəyi, abı rəngli kaşılı kərpiclərdən istifadə olunub.

Azərbaycanda belə iki cür türbə var. Digəri Xızı rayonunun Tıxlı kəndi ərazisində yerləşir. Amma qaynaqlar Siyəzən rayonu, qədim Şıxlar qalıqlarından 200 metr qərbdə köhnə kənd qəbiristanlığının içərisində olduğunu yazır.

Bəzi mənbələr Şeyx Heydərin cənazəsi XVI əsrdə Ərdəbilə aparılaraq Şeyx Səfiəddin kompleksində, digər ehtimala görə isə Ərdəbilin Meşkinşəhr (tarixi adı Xiyov) şəhərindəki məqbərədə torpağa tapşırıldığını yazır.

Amma Şeyx Heydərin harda dəfn olunması yox, Şah İsmayıl Xətai tərəfindən tikilən türbənin bugünkü vəziyyəti önəmlidir. Bura qorunan abidə kimi siyahıya alınsa da, türbəninin təmiri bir tərəfə, ətrafı belə qaydasına salınmayıb. İnsanlar üç əsrdən çoxdur ki, bura ziyarətə gəlir, dualar edirlər. Lakin Siyəzən rayon İcra Hakimiyyəti, yerli bələdiyyə və Mədəniyyət Nazirliyi buranı görməzdən gəlir”.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən sorğumuza cavab olaraq sözügedən türbənin tarix-mədəniyyət abidələrinin reyestrinə daxil olmadığı bildirildi:

“Şeyx Heydərin türbəsi olduğu ehtimal olunan tarixi tikili 2001-ci ildə təsdiq edilmiş daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyildir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər nəticəsində Xızı rayonu Tıxlı kəndinin 3-4 km şimal-şərqində yerləşən və tarixi şəxsiyyət Şeyx Heydərə məxsus olduğu ehtimal olunan türbənin qalıqları yeni aşkar edilmiş abidə qismində qeydiyyata alınıb.

Təbii təsirlər nəticəsində türbənin az bir hissəsi günümüzə qədər gəlib çıxıb. Türbənin qalıqlarının qorunmasına nəzarət olunur. Bərpa və ya konservasiya işlərinin aparılması isə türbə reyestrə daxil edildikdən sonra nəzərə alınacaq”.

Teqlər: