“Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxsləri
barəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, “Sahil-S
İnşaat” Mənzil Tikinti Kooperativinin sədri Alaverdiyev Taley Şamil
oğlunun digərləri ilə əlbir olaraq MTK-nın paytaxtın Suraxanı
rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində inşa etdiyi yaşayış
binasında eyni mənzili bir neçə şəxsə satmalarına dair
vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsinə daxil olmuş müraciətlər əsasında Cinayət Məcəlləsinin
178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) 308.1 (vəzifə
səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə
saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə zərər çəkmiş şəxslərin dindirilməsi,
cinayəti törətmiş bütün təqsirkar şəxslərin müəyyən edilərək
cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq
hərəkətlərinin həyata keçirilməsi davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu “Sahil-S İnşaat”
MTK-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində zərər
çəkmiş şəxslərə müraciət edərək, 961 nömrəli Çağrı Mərkəzi, 161
nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun
sosial şəbəkələrdəki səhifələri vasitəsilə dərhal məlumat
verilməsini xahiş edir.