Bakı metropoliteninin ən çox istifadə edilən stansiyalarından biri olan Sahil metrostansiyası bağlanır.
Metropoliten idarəsindən verilən məlumata görə, metropolitenin 1967-ci ildə istismara verilən ilk 5 stansiyasından biri olan Sahil stansiyasında eskalatorların istismar müddəti başa çatıb və onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.
“Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, “Sahil” stansiyası 20.08.2017-ci il tarixindən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq və qatarlar bu stansiyada dayanmadan “İçərişəhər” və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.
Dövlət proqramına uyğun olaraq, “Sahil” stansiyasında aparılacaq əsaslı təmir müddətində quraşdırılmış “LT-3” tipli 3 eskalator sökülərək, yerində Almaniyanın “ThyssenKrupp Fahrtreppe” şirkətinin “Viktoriya” tipli 4 eskalatoru quraşdırılacaq. Qeyd edək ki, buna qədər “28 May” stansiyasında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun əvəzinə onların yeni tipli 4 analoqu quraşdırılıb. “Sahil” stansiyasında quraşdırılacaq eskalator əvvəlki nəsil eskalatorlardan bir çox üstünlükləri ilə fərqlənəcək.
Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək.
Eskalatorların yenisi ilə əvəzlənəcəyi və əsaslı təmir işlərinin yerinə yetiriləcəyi müddət ərzində, birçıxışlı olduğu üçün, “Sahil” stansiyasının bağlanması zərurəti yaranıb.
Əsaslı təmirin aparıldığı müddət ərzində sərnişinlərdən getdikləri ünvanı əvvəlcədən nəzərə alaraq, metronun “Sahil” stansiyasına yaxın olan “İçərişəhər” və “28 May” stansiyalarının xidmətindən istifadə etmələri xahiş olunur.
“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyir.