Bu gündən Bakı metropoliteninin ən çox istifadə edilən stansiyalarından biri bağlanır.
Metropolitendən verilən məlumata görə, metropolitenin 1967-ci ildə istismara verilən ilk 5 stansiyasından biri olan “Sahil” stansiyasında eskalatorların istismar müddəti başa çatıb və onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb.
Qatarlar bu stansiyada dayanmadan “İçərişəhər” və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.
“Sahil” stansiyasında quraşdırılacaq eskalator əvvəlki nəsil eskalatorlardan bir çox üstünlükləri ilə fərqlənəcək. Eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək.
Əsaslı təmirin aparıldığı müddət ərzində sərnişinlərdən getdikləri ünvanı əvvəlcədən nəzərə alaraq, metronun “Sahil” stansiyasına yaxın olan “İçərişəhər” və “28 May” stansiyalarının xidmətindən istifadə etmələri xahiş olunur.