Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır.

Trend xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

İclasda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik qanun layihəsi təqdim olunub.

Qeyd edək ki, qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin yanvarın 1-də bitib.


Dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2023-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluq tərəfindən aparılan yoxlamalara şamil edilmir. Sahibkar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər.
Dəyişiklik səsverməyə qoyularaq qəbul edilib.

Teqlər: