Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin mediasiya yolu ilə həllinə dair ictimai müzakirə təşkil olunub (FOTO)

Martın 14-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və
Mediasiya Şurasının dəstəyi, KOBİA yanında İctimai Şuranın
təşkilatçılığı ilə dövlət qurumlarının və iş adamlarının iştirakı
ilə növbəti ictimai müzakirə təşkil olunub.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, “Mübahisələrin alternativ həllində KOB subyektlərinə
dəstək: problemlər və perspektivlər” mövzusunda keçirilmiş tədbirdə
sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədən kənar
alternativ həll yolları, bu sahədə mediasiyanın rolu, sahibkarların
qarşılaşdıqları çətinliklərin mediasiya vasitəsilə həlli müzakirə
edilib.

Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş ictimai
müzakirədə İqtisadiyyat Nazirliyi və qurumlarının, Ədliyyə
Nazirliyinin, Baş Prokurorluğun, Ali Məhkəmənin, Azərbaycan
Respublikasının Məhkəmə-Hüquq Şurasının, Dövlət Gömrük Komitəsinin,
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının nümayəndələri, millət vəkilləri, Vəkillər
Kollegiyasının üzvləri, iqtisadiyyatın müxtəlif sektorlarında
fəaliyyət göstərən sahibkarlar və biznes assosiasiyalar iştirak
ediblər.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin
sahibkarlıqla bağlı mübahisələrin həlli, biznes subyektlərinin
peşəkar hüquqi yardım alması sahəsində vəziyyətin öyrənilməsi, bu
istiqamətdə mediasiyanın təşviqi və dövlət-özəl tərəfdaşlığının
inkişaf etdirilməsi məqsədilə keçirildiyini qeyd edib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin sədri Əli Hüseynli mediasiya institutunun
mübahisələrin həlli sahəsində alternativ yol olduğunu, bu təsisatın
artıq işlədiyini bildirib. Qeyd olunub ki, mediasiya KOB-larla
bağlı mübahisələrin həllində, eləcə də bu sahədə biznes
subyektlərinin xərclərinin azalması, effektiv mediasiya prosesində
tərəflər arasında razılığın əldə olunması nəticəsində əməkdaşlığın
genişləndirilməsi baxımından əhəmiyyətli vasitədir.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə
məhkəmə-hüquq sahəsində həyata keçirilən uğurlu islahatların,
mediasiya institutunun formalaşmasının, ədalət mühakiməsinin
keyfiyyətinin və səmərəliliyinin artırılmasının investisiya və
biznes mühitinin yaxşılaşdırılmasına da müsbət təsir göstərdiyini
vurğulayıb. Qeyd olunub ki, biznes subyektlərinin hüquqlarının
müdafiəsi KOBİA-nın fəaliyyət istiqamətlərindəndir. Kommersiya
mübahisələrinin həlli istiqamətində Agentliyə daxil olmuş 300-dən
çox müraciət üzrə sahibkarların pozulmuş hüquqları bərpa olunub.
“Mediasiya haqqında” Qanun mübahisələrin məhkəmədən kənar –
mediasiya yolu ilə həllinə öz töhfəsini verməkdədir. Agentliyin
ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən 9 KOB dostu
mediator sertifikatına malikdir. Sahibkarların işgüzar
mübahisələrinin mediasiya yolu ilə həll olunması vaxt itkisinin,
əlavə xərclərin, kommersiya sirrinin yayılmasının qarşısını alır,
şirkətin işgüzar nüfuzuna zərər dəyməsi ehtimalını azaldır.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar
Bağırov çıxışında kommersiya məhkəmələrinin təşkili, sahibkarların
məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, biznes fəaliyyəti
ilə bağlı mübahisələrin məhkəmədən kənar həlli və Mediasiya
Şurasının həmtəsisçilərindən olan Kollegiyanın bu sahədə
fəaliyyəti, mübahisələrin alternativ həlli imkanlarının
genişləndirilməsi, sahibkarların hüquqlarının və qanunla qorunan
mənafelərinin müdafiəsinin peşəkarlıqla həyata keçirilməsi ilə
bağlı KOBİA ilə birgə görülən işləri, eləcə də ölkədə biznes
mühitinin sağlamlaşdırılması və cəlbediciliyi baxımından kommersiya
arbitraj məhkəmələrinin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov şuranın
fəaliyyəti, mediasiya sahəsində tənzimləmə və nəzarət mexanizmləri
barədə məlumat verib. Bildirilib ki, hazırda ölkə üzrə 241 mediatr
fəaliyyət göstərir ki, onlardan 143-ü Bakı, Sumqayıt və Abşeronda,
5-i Naxçıvan Muxtar Respublikasında, 69-u isə digər şəhər və
rayonlarda çalışır. 2021-ci ildə mediatorlar tərəfindən təqribən 12
min mübahisəyə baxılıb. Bu il isə mübahisələrin mediasiya yolu ilə
həlli üzrə 7500-dən çox müraciət daxil olub ki, onlardan 737-si
kommersiya mübahisələridir. 83-ü kommersiya və 62-si əmək
mübahisəsi olmaqla, ümumilikdə 475 mübahisə məhkəməyə getmədən
mediasiya yolu ilə həll olunub.

Tədbirdə sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin həlli
sahəsində vəkillərin və sahibkarların təklifləri və qarşılaşdıqları
çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri
tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Teqlər: