Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin 4.5-ci bəndinə əsasən “Açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi nağdsız qaydada həyata keçirilir.”
Adıçəkilən normativ hüquqi aktın qeyd olunan müddəasını nəzərə alaraq, açıq məkanda reklam yayımlayan sahibkarlardan dövlət rüsumu və yayım haqqı məbləğlərinin ödənişini nağdsız qaydada həyata keçirmələri xahiş olunur. Həmçinin, reklam yayıcılarının bu sahədə maarifləndirilməsi məqsədilə sahibkarlar üçün xüsusi bukletlər hazırlanmışdır. Həmin çap materiallarında sahibkarlıq subyektlərinə müvafiq dövlət rüsumu və yayım haqqı üzrə nağdsız ödənişləri hansı vasitələrlə edə bilmələri açıq-aydın göstərilib. Belə ki, bu ödənişləri banklara getməklə və ya mobil bankçılıq üzərindən, ödəniş kartları vasitəsilə onlayn resurslardan (hesab.az, million.az, asanpay.az, e-pul.az və s.) istifadə etməklə, eyni zamanda ödəmə terminalları (milliÖn, eManat, easypay və s.) vasitəsilə həyata keçirmək mümkündür.
Bu maarifləndirici bukletlərin paytaxtla yanaşı, bölgələrdə də açıq məkanda reklamı olan sahibkarlara paylanılması nəzərdə tutulub. İş adamları əlavə məlumat üçün ADRA-nın 1412 Çağrı Mərkəzi, (077) 6771412 “WhatsApp” nömrəsi və sosial şəbəkə hesablarına müraciət edə bilərlər.