Xəbər - Fidan Babayeva, tərcümə Orxan Nəbiyev – Trend:
İqtisadiyyat Nazirliyi nəzdindəki Sahibkarlığın İnkişafı Fondu 2020-ci ildə rəqəmsal kredit platforması vasitəsilə 148 milyon manat məbləğində 433 kreditə zəmanət verib.
AzerTimes-ın məlumatına görə, bunu Fondun İdarə heyətinin sədri Kənan Nəcəfov ötən ilin yekunlarına və bu ilin hədəflərinə həsr olunan onlayn mətbuat konfransında deyib.
O bildirib ki, ötən ilin iyun ayından iki proqramın – kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmlərinin tətbiqinə başlanıb. Kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən ölkədə ilk dəfə olaraq rəqəmsal Kredit Platforması yaradılıb və sahibkarların istifadəsinə verilib:
“2020-ci ildə bu platforma üzərindən yeni biznes krediti sifarişi 949 milyon manat olan 3300-dən çox müraciət qeydiyyata alınıb. Bu müraciətlərdən kredit tələbatı 148 milyon manat olan 433-nə Fond tərəfindən zəmanət verilib. Zəmanət verilmiş müraciətlər üzrə zəmanət məbləği 86,1 milyon manat təşkil edir. Zəmanəti qüvvəyə minmiş müraciətlər üzrə kredit məbləği 130 milyon manat, zəmanət məbləği isə 74,8 milyon manat olub”.