2021-ci ilin birinci yarısında Xaçmaz və Yevlax KOB evlərində dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərdən 16300-ə yaxın sahibkar istifadə edib.
Belə ki, “Xaçmaz KOB evi”ndə müvafiq dövrdə sahibkarlıq subyektlərinə 12990 xidmət göstərilib ki, onların 12605-i dövlət-biznes (G2B), 385-i biznes-biznes (B2B) xidmətləridir. Fəaliyyətə başladığı gündən indiyədək isə “Xaçmaz KOB evi”ndə sahibkarlara 34 mindən çox xidmət göstərilib.
2021-ci ilin aprel ayından fəaliyyətə başlamış “Yevlax KOB evi”ndə 2671-i “G2B” və 619-u “B2B” xidmətlər olmaqla sahibkarlara ümumilikdə 3290 xidmət göstərilib.
Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB evlərində sahibkarlara vergi, əmlak, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, kənd təsərrüfatı, reklam, poçt, mənşə sertifikatının, lisenziya və icazələrin alınması üzrə dövlət xidmətləri, eləcə də özəl sektor tərəfindən bank, sığorta, lizinq, tərcümə, layihələndirmə kimi zəruri biznes xidmətləri göstərilir. Ümumilikdə Xaçmaz və Yevlax KOB evlərinin hər birində sahibkarlara 20-yə yaxın dövlət və özəl qurumlar tərəfindən 200-dən çox “G2B” və “B2B” xidmətlər göstərilir. Sahibkarlara təqdim edilən xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi elektron sistem vasitəsilə monitorinq olunur.