Sahibkar-dövlət qurumu əməkdaşlığı haqsız rəqabətlə mübarizəni asanlaşdırır

Haqsız rəqabət halları ilə mübarizənin sahibkarlarla dövlət qurumları arasında tərəfdaşlıq müstəvisində aparılması bu sahədə səmərəliliyi təmin edən əsas amillərdəndir. Bu baxımdan sahibkarlıq subyektlərinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə əməkdaşlığı bazarda ədalət prinsipinin bərqərar olmasında xüsusi əhəmiyyət kəsb edir.

Xidmətdən AzerTimes-a bildirilib ki, bu əməkdaşlığın nümunəsi olaraq, çatdırılma xidmətləri bazarında fəaliyyət göstərən “Volt Azərbaycan” MMC qisa müddət ərzində Dövlət Xidmətinin göstərişlərini yerinə yetirməklə yanaşı, haqsız rəqabətə səbəb olan müqavilə şərtlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırıb.

MMC-nin Dövlət Xidmətinə ünvanladığı müraciətində gələcəkdə bu cür hallarla qarşılaşmamaq məqsədilə partnyorlarla münasibətləri bir daha nəzərdən keçirəcəyi, qanunvericiliyə uyğun olmasına daha çox diqqət yetirəcəyi vurğulanıb.


Dövlət Xidməti rəqabət sahəsində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən qurum olaraq bazar iştirakçıları ilə dialoq üçün həmişə açıqdır və bütün sahibkarları əməkdaşlığa dəvət edir. Məqsəd haqsız rəqabət hallarına qarşı sahibkarlarla birgə mübarizə aparmaqla, bazarın bütün iştirakçıları üçün ədalətli mühitin yaradılması və bir rəqibin digərləri üzərində əsassız üstünlük qazanması hallarının qarşısının alınmasıdır.

Teqlər: