Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasına
işgüzar səfəri çərçivəsində Almatı şəhərində Rusiya Federasiyası
Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə
görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AzerTimes-a verilən məlumata görə, görüşdə müxtəlif sahələri əhatə edən
Azərbaycan-Rusiya münasibətlərinin vacib istiqamətlərindən biri
kimi parlamentlərarası əlaqələrin mövcud vəziyyəti və gələcək
perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bu çərçivədə,
parlamentlərin qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığı
mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, həm Milli Məclisdə, həm
də Federal Məclisdə fəaliyyət göstərən dostluq qruplarının,
həmçinin Milli Məclis və Federal Məclis arasında daimi fəaliyyət
göstərən ikitərəfli parlamentlərarası komissiyanın fəaliyyəti
təqdirəlayiqdir.
Parlamentlərin xalqlar arasında oynadığı körpü roluna istinadən
iki ölkə arasında humanitar əlaqələr də müzakirə mövzusu olub.
Görüş zamanı humanitar sahədə əməkdaşlığın cari vəziyyətindən
məmnunluq ifadə edilib, bu istiqamətdə həyata keçirilən layihələrin
əhəmiyyəti vurğulanıb. Bu mənada, Rusiyada Azərbaycan Mədəniyyət
Günlərinin keçirilməsinin, Rusiya və Azərbaycanın gənclər
təşəbbüslərinin I Forumunun təşkilinin insanlar arasında əlaqələrin
gücləndirilməsi baxımından faydalı olduğu bildirilib.
Görüşdə iqtisadi-ticari əlaqələr də müzakirə olunub. Ötən ilin
sonunda qarşılıqlı ticarət dövriyyəsinin 16 faiz artaraq 3 milyard
ABŞ dollarından çox olması mühüm göstərici kimi qeyd edilib.
İnvestisiya, nəqliyyat, turizm, kənd təsərrüfatı və digər sahələrdə
əməkdaşlığın əhəmiyyətinə toxunulub.
Həmçinin regionlararası əməkdaşlığın və bu istiqamətdə təşkil
olunan forumların praktiki layihələrin reallaşdırılması baxımından
ikitərəfli əlaqələr çərçivəsində xüsusi yer tutduğu vurğulanıb.
Milli Məclisin sədri Sahibə Qafarova görüşdə Vətən müharibəsində
ölkəmizin əldə etdiyi qələbədən sonra regionda yeni yaranmış
vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata
keçirdiyi genişmiqyaslı quruculuq işləri barədə də məlumat verərək,
qeyd edib ki, Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli
bəyanatına sadiqdir. Lakin həmin bəyanatın 4-cü bəndinə uyğun
olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni
silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq
çıxarılması indiyə qədər icra edilməmişdir. Spiker regionda davamlı
sülh və təhlükəsizliyin təmin olunması üçün bəyanatda nəzərdə
tutulan bütün prinsiplərin yerinə yetirilməsinin vacibliyini bir
daha qeyd edib.
Görüşdə Sahibə Qafarova Rusiya Dövlət Dumasının deputatı Mixail
Delyaginin Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlərlə
bağlı etirazını Rusiya Federasiyası Federal Məclisi Federasiya
Şurasının sədri Valentina Matviyenkonun diqqətinə çatdırıb.
Valentina Matviyenko məsələnin araşdırılacağını və müvafiq
addımlar atılacağını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb.