Sahibə Qafarova İran parlamenti sədrinin müavini ilə görüşüb

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi
Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi
Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam
Şurası Məclisi sədrinin müavini Əli Nikzad ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AzerTimes-a verilən
məlumata görə, qonağı salamlayan Milli Məclisin sədri Sahibə
Qafarova qeyd edib ki, ölkəmiz İranla ikitərəfli və çoxtərəfli
formatda əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Ötən il
İrana səfərindən danışan spiker həmin səfər çərçivəsində keçirdiyi
görüşləri və aparılan danışıqları məmnunluqla xatırlayıb. Qeyd
edilib ki, iki ölkə arasında dost və mehriban qonşuluq
münasibətləri var.

İranla parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin
sədri bildirib ki, qarşılıqlı əlaqələrin inkişafında
parlamentlərimiz mühüm rol oynayır. Deputatlarımız tərəfindən
müntəzəm olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Hər iki
ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən işçi
qrupları parlamentlərimiz arasında körpü yaradır.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən
müharibəsində əldə etdiyi qələbədən sonra regionda yeni yaranmış
vəziyyət haqqında məlumat verərək, deyib ki, münaqişə başa
çatdıqdan sonra Azərbaycanın Ermənistanın işğalından azad edilmiş
ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa dövrü başlayıb,
regionda yeni reallıq yaranıb.

Dost və qonşu ölkəyə səfər etməkdən məmnunluğunu bildirən İran
İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad İqtisadi
Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi
Konfransının Azərbaycanda yüksək səviyyədə təşkilinə və
keçirilməsinə görə təşəkkürünü bildirib. Qonaq Milli Məclisin
sədrinin başçılığı ilə ötən il Azərbaycan parlament nümayəndə
heyətinin İrana səfərini və keçirilən görüşlərin əhəmiyyətini
yüksək dəyərləndirib. İran parlamentinin vitse-spikeri
parlamentlərarası əlaqələrin inkişafının ümumi məqsədlərə xidmət
etdiyini bildirib, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin
əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Əli Nikzad Azərbaycanın işğaldan azad olunmuş
ərazilərinin tezliklə bərpa olunacağına və məcburi köçkünlərin öz
doğma yurdlarına qayıdacaqlarına inamını ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb.

Teqlər: