Sahibə Qafarova Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 19-da Gürcüstana
rəsmi səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili
ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AzerTimes-a bildirilib ki, Milli Məclisin sədrini Gürcüstanda
salamlamaqdan məmnunluğunu bildirən Prezident Salome Zurabişvili
belə səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından
əhəmiyyətini vurğulayıb. Qarşılıqlı əməkdaşlığın inkişafında
parlamentlərin rolunu xüsusi qeyd edən Gürcüstanın dövlət başçısı
parlamentlər arasındakı sıx münasibətlərin qurulmasına görə
təşəkkürünü bildirib. O, Gürcüstanın və Azərbaycanın hər zaman
beynəlxalq müstəvidə bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə
edib.

Söhbət zamanı xanım Salome Zurabişvili diasporların fəaliyyəti
barədə fikirlərini bölüşüb, Azərbaycana sülh və sabitlik arzularını
ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova nümayəndə heyətinə
göstərilən qonaqpərvər münasibətə görə təşəkkürünü bildirib. Spiker
qeyd edib ki, qonşu və dost ölkələr olan Azərbaycan və Gürcüstan
arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Müstəqillik
dövründə isə bu əlaqələrimiz daha da inkişaf edib və bu il biz
diplomatik əlaqələrimizin qurulmasının 30-cu ildönümünü qeyd
edəcəyik.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ulu öndər Heydər
Əliyev tərəfindən əsası qoyulmuş bu dostluq münasibətləri bu gün
cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ötən illər ərzində Azərbaycan və Gürcüstan arasında imzalanmış
sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza
yaradır.

Sahibə Qafarova iki qonşu və dost ölkə arasında İqtisadi
əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın fəaliyyətini
xüsusi qeyd edib. Bildirib ki, Gürcüstan Azərbaycanın həyata
keçirdiyi nəhəng beynəlxalq layihələrin fəal iştirakçısıdır.

İki ölkənin parlamentləri arasında münasibətlərdən danışan
spiker diqqətə çatdırıb ki, Azərbaycan və Gürcüstan
münasibətlərinin inkişafında qanunverici orqanların özünəməxsus
rolu var. Parlamentlərimiz həm ikitərəfli, həm də çoxtərəfli
formatda əməkdaşlıq edirlər. Hər iki ölkənin parlamentlərində
dostluq qrupları fəaliyyət göstərir və nümayəndə heyətlərimiz
beynəlxalq parlament qurumlarında uğurla əməkdaşlıq edirlər.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən
müharibəsində əldə etdiyi böyük Qələbə haqqında danışaraq bildirib
ki, Azərbaycan Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında
saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib.
Spiker bildirib ki, Ermənistan ərazilərimizi işğal altında
saxladığı müddətdə oradakı bütün maddi-mədəni sərvətlərimizi talan
edib, şəhərlərimizi və kəndlərimizi dağıdıb. Sahibə Qafarova
diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə
qovuşub və hazırda Azərbaycan məcburi köçkünlərin öz doğma
yurdlarına qayıtması üçün azad edilmiş əraziləri minalardan
təmizləyir, bərpa edir. Azərbaycan Ermənistana bir-birinin
suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması,
sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanması,
regionda bütün kommunikasiyaların bərpa olunması və münasibətlərin
normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması barədə
təkliflər verib. Ümid edirik ki, tezliklə iki ölkə arasında sülh
sazişinin imzalanması bütün regionun inkişafına və çiçəklənməsinə
böyük töhfə verəcəkdir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb.

Teqlər: