Şahbaz Xuduoğlunun Əlisa Nicata etdiyi pislik…

Şahbaz Xuduoğlunun Əlisa Nicata etdiyi pislik…

“Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlunun nəşriyyata gələn 87 yaşlı, çox kasıb görkəmdə olan Əlisa Nicatın şəklini yayması, ardınca bir kampaniya başlatmasına sosial şəbəkələrdə ciddi reaksiyalar oldu: dəstəkləyənlər də, əleyhinə çıxanlar da tapıldı.

Əlisa Nicatın fotosunun yayılmasından yanlış olmasından tutmuş, Əlisa Nicata iş vermək əvəzinə bunu piara çevirməsinə qədər, Şahbaz Xuduoğluna qarşı xeyli tənqidi fikirlər də səsləndi.

AYB-nin “84 yaşlı Anar qapı-qapı düşüb çətin vəziyyətdə olanları tapası deyil ki; kim müraciət edir, dəstək oluruq” açıqlaması da hədəfə çevrildi.

Sonra? O qədər fərqli yanaşmalar oldu ki…

Əksəriyyətini başa düşməyə çalışıram – çünki aralarında fikirlərinə hörmət etdiyim həmkarlarım da az deyil. Bəlkə də onlar Əlisa Nicatın o cür “həyatın dibində” görünməsini istəməyiblər; bəlkə də çılpaq həqiqətin qəfil zərbəsindən Əlisa Nicatı üşüdən soyuq kimi titrəyiblər…

Ancaq həqiqətdən qorxmaq lazım deyil – nə qədər acı, nə qədər sərt, nə qədər pis olsa da!

Mənim anlamımda Şahbaz Xuduoğlu nə etdi?

İllərlə Əlisa Nicatın müxtəlif filosofları tanıtdığı kitabları masamın üstündə olub, onun bəzi əsərlərindəki bənzətmələri indi də yaddaşımdadır. Əlisa Nicat fəlsəfi fikrimizdə, daha dəqiqi, həyata münasibətimizin formalaşmasında birbaşa iştirak edən şəxsdir – fərqi yoxdur, öz fikri ilə, yoxsa seçib bizə təqdim etdiyi filosoflarla.

Amma açıq deyəcəm: Əlisa Nicatın sağ olmasından xəbərim yox idi.

Şahbaz Xuduoğlu Əlisa Nicatın 87 yaşında sağ və əsən olduğunu hamıya duyurdu.

Sağ olan Əlisa Nicatın yaşamı əlbəttə ki, bizləri qayğılandırmaya bilməzdi və Şahbaz Xuduoğlu da aldığı ilk zərbənin təsiri altında hamının diqqətini buna çəkdi. Və hamı Şahbazın düzmü-səhvmi etdiyi, özünə piar qurub-qurmadığı haqda mülahizələri bölüşərkən o, ustaları götürdü, avadanlıq aldı, Əlisa Nicatın evinə kombi çəkmək üçün qolunu çırmaladı.

Biz Şahbaz Xuduoğlunu ittiham edəndə və yaxud ona cavab hazırlayanda ər-arvad (“Əli və Nino”nun sahibi Nigar Köçərli ilə) bankda Əlisa Nicatın adına hesab açıb, praktik işə keçmişdi.

Əlisa Nicatın o fotosunun yayılması ilə Yazıçılar Birliyi yardım edəcəyini açıqladı, təqaüd məsələsinin də həlli mümkündür.

Şahbaz Xuduoğlu bir ziyalının hazırkı durumu ilə barışmadı, bunu cəmiyyətə elan etdi, özü yardıma başladı və hamını da köməyə çağırdı – rəsmi qurumlar da, qeyri-rəsmi şəxslər də hərəkətə keçib artıq.

Sosial şəbəkələrə inansaq, artıq Əlisa Nicata dəstək üçün xeyli vəsait də toplanıb.

Şahbaz Xuduoğlu bunu tək edə bilərdimi?

Edərdi, əmin olun, etdikləri və kimsənin bilmədikləri də az deyil. Ancaq söhbət Əlisa Nicata, yaxud rəhmətlik Natiq Səfərova və s. – bu dünyanın yox, “başqa dünyanın” adamlarına gələndə, bunun ictimailəşməsi mütləqdir: dəyərlərinə cəmiyyət özü sahib çıxmalıdır.

Əlisa Nicatın bu paylaşımlardan xəbər tutan kimi prosesi “durduracağına” ümid edən əziz həmkarımın umuduna gəlincə, qəti elə deyil: 87 yaşlı Əlisa Nicat üçün cəmiyyətin, elə rəsmi qurumların da – məhz bu münasibəti, dəyəri, sevgisi daha vacibdir.

Şahbaz Xuduoğlu yaşlı bir ziyalıya olan ictimai sevgini onun özünə göstərmək istədisə, bundan niyə narahat olmalıyıq? Bəlkə də o kombinin deyil, bu sevginin istisi Əlisa Nicatın donmaqdan xilas edəcək.

“Ziyalı-şair-yazıçı… Əlisa Nicat aqibəti yaşamamaq üçün ya dələduz, ya da saxtakar-yaltaq olmalıdır” üsyankar fikri haqda da düşünmək gərək. Əlisa Nicata olan sevgini gördünüzmü? Nə dələduza bu sevgini görərsən, nə də yaltağa. Ona görə dələduz və yaltaq olmağa qəti tələsməyin!

Şahbaz sübut etdi ki, ləyaqətli, vicdanlı yazar-ziyalıya bu cəmiyyətin münasibəti tamamilə fərqlidir. Sadəcə, məşhur ifadəni bir azca təhiflə desək, “abırlılara dəstək olmaq lazımdır, abırsızlar özləri dolanacaqlar”.

Şahbaz da bir abırlını – qapılara getməyəni, kömək istəməyəni, 87 yaşında qüruruna və kitablarına sığınıb yaşayan kişini yada saldı və nə yaxşı ki, yada saldı!

Məncə, Şahbaz Xuduoğluna və Şahbaz Xuduoğlulara bu addımlarında mənəvi dəstək olaq ki, qoy onlar da gücləri çatan qədər, bacardıqları kimi hər kəsin yanında olmağa çalışsınlar. Daha adamı söyüb, etdiklərinə peşman edib, xeyirxahlığının qarşısına kötük dığırlatmayaq. Necə ola bilər axı, adam həm bir neçə min xərcləyəcək, həm vaxt ayıracaq, həm qapısına gedəcək, həm də ağır formada təhqir olunacaq? Bu etdiklərimiz Şahbaz Xuduoğlunun növbəti bir Əlisa Nicatla rastlaşanda etmək istədiyinin qarşısına sədd çəkməzmi?

Düşünmürəm Şahbaz Xuduoğlunun mənim məsləhətimə ehtiyacı olsun. Ancaq bunları yazmaqla bəlkə də içində yaranmış tərəddüdünü yox etməyə çalışdım.

Xalq və Xaliq onsuz da bilir!

Teqlər: