Şah İsmayılın taktikasının tətbiq edən general…

Şah İsmayılın taktikasının tətbiq edən general…

22 yanvar əfsanəvi general, XX əsrin əvəzolunmaz hərbçisi Həzi Aslanovun doğum günüdür.

İkinci Dünya müharibəsi illərini tədqiq edən rusiyalı alim, akademik Samsonov yazır: “Həzi Aslanov Sovet ordusunda yeganə general idi ki, “İrəli” sözünü deməzdi, “Ardımca” deyərdi. Döyüşlər zamanı ilk özü öndə olurdu, ardınca da əsgərləri”.

Şah İsmayıl Xətai – dahi strateq idi. Öz qoşunlarını 12 yerə bölərək, aypara şəklində düzərdi. Bu düzülüş zəif mərkəzə və güclü cinahlara malik idi. Düşmən zəif mərkəzi əzməklə məşğul olduğu zaman güclü cinahlar düşməni əhatə edir, qoşunu mühasirəyə alıb darmadağın edərdi. Gələcəkdə bu strategiyanı Həzi Aslanov öz tankları ilə həyata keçirəcək və ona ruslar “Aslanov nalı” (Aslanovskaya podkova) adını verəcəklər.

İlk dəfə bu taktikanı tətbiq edəndən sonra “Pravda” qəzetinə müsahibə verən general “Cinah zərbəsi” başlıqlı müsahibədə “Şah İsmayılın taktikasının özəllikləri haqqında” danışımışdı.

Rusiyalı hərb tarixçisi, tarix elmləri namizədi Aleksey İsayev yazır: “Bir dəfə Həzi Aslanov öz peşəkarlığı sayəsində almanları elə qorxudur ki, düşmənlər döyüşə başlamadan döyüş meydanını tərk edir. Əsgərlərinə ən yaxın kənddə olan bütün kənd təsərrüfatı texnikasını döyüş meydanına çatdırmağı əmr edir. Tankların arasına bu kənd təsərrüfatı texnikaları yerləşdirilir, dinamiklər quraşdırılır, mühərriklər işə salınır və işıqlar yandırılır. Texnologiyada üstünlüyə malik olan alman qoşunları baş verənlərdən qorxur. Onlar elə bilirlər ki, minlərlə sovet tankı onlara doğru irəliləyir. Sonda geri çəkilirlər. Beləliklə, Vileyka şəhəri döyüşsüz alınır”.

Başqaları tankda lyuku örtüb hücuma keçəndə, Həzi Aslanov açıq lyukda, bədənini yarıya qədər çölə çıxararaq gedirmiş. O özünü Allahın saxladığı insan kimi hiss edirmiş, ölümdən qorxmurmuş. Akademik Samsonova görə, Aslanov inanırdı ki, o, ölə bilməz.

Dünyada yeganə tank komandiri idi ki, keçilməz yerlərdən ordunu irəli aparırdı. Təsəvvür edin, yeganə olaraq Həzi Aslanov anlayıb ki, mühasirədə qalmalarının tam məhrumiyyətlə bitməsinin, tankların hamısının almanların əlinə keçməsinin qarşısını necə almaq olar. Ağlına gəlib ki, bəri başdan iki tankı çaya batırsın ki, o biri tanklar onların üstündən keçib xilas ola bilsinlər.

Döyüş gedən zamanlarda Həzi Aslanov bir tankdan başqa tanka keçirmiş ki, əsgərlər qorxmasınlar.

“Həzi Aslanov Stalinqrad cəbhəsinə – bizə gəldi. Xoş simalı, ağıllı, qətiyyətli, iradəli bir komandir idi. Onda gənc idi. Onun 32, mənim isə 20 yaşım vardı. Biz leytenantıq, tank məktəblərinin məzunlarıyıq, korpus yaratmışıq, orada onun haqqında danışıb, nümunə göstəririk. Həzi Aslanov təcrübəli komandir idi. O, həmişə korpusda şöhrət qazanıb. Stalinqrad döyüşündə göstərdiyi böyük qəhrəmanlıqlara görə o, Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü”, – Stalinqrad döyüşünün iştirakçısı Dmitri İvanoviç Ryazantsev müsahibəsində deyir.

General Həzi Aslanov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanlarımızla yanaşı dəfn edilib.

Ruhun şad olsun, general!

Teqlər: