Bakının Binə qəsəbəsində uşaqların zəhərlənməsinə səbəb olan dönərxananın fəaliyyəti dayandırılıb.
AzerTimes xəbər verir ki, müəssisənin qapısına möhür vurulub.
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaydığı məlumata görə, oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 21 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub.
Həmin məktəblərin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və “Məktəblinin dostu” layihəsinin əməkdaşları dərhal təcili-tibbi yardıma müraciət edib. İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər xəstəxanaya yerləşdirilib.
Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yediklərini bildiriblər.
Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb.