Şagirdlərin daşıyıcı olaraq koronavirusu yayma təhlükəsi nə dərəcədə realdır? – AÇIQLAMA

Xəbər - Elçin Mehdiyev – Trend:

Şagirdlərin koronavirus daşıyıcısı olması dalğanın pik həddə olduğu zaman daha təhlükəlidir.

Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, pandemiyanı dalğaların olduğu və olmadığı iki dönəmə ayırmaq olar:

“Koronavirus pandemiyasının mövcud olduğu bir il yarımlıq təcrübə göstərdi ki, hər bir ölkədə başlayan dalğalar ortalama olaraq bir ay yarım iki ay içərisində artır və sönür. Dalğanın olduğu və olmadığı dönəmlərdə karantin rejimində, qaydaların tətbiqində və digər münasibətlərdə fərqlər olur və bundan sonrada olacaq.


Bu gün ölkəmizdə yoluxanlarla sağalanlar arasında nisbətin azalmağa başlaması o deməkdir ki, biz yaxın günlərdə yenidən düşüşün, yəni təqribən iki həftə ərzində yoluxanların azalaraq minin altında olan rəqəmlərlə qarşılaşacağıq. Bütün bunları nəzərə aldığımızda və dünyadakı təcrübəyə görə də həmin rəqəmlər azaldıqdan sonra münasibətlərdə müəyyən yumşalmalar qeydə alınacaq.

Şagirdlərin daşıyıcılıq məsələsi müzakirə mövzusu deyil, şagirdlər hər zaman bu xəstəliyin məktəblərdən evlərə evlərdən məktəblərə yaymaqda vacib rol oynayırlar. Amma bu hər zaman deyil, əsasən ölkədə yeni dalğa başlayanda daha çox keçərlidir. Amma yenidən rəqəmlər bərabərləşəndə, yəni yoluxanlarla sağalanlar arasında fərq bərabərləşəndən sonra yenidən normal təhsil sisteminə dönməyin daha məntiqli və daha doğru olması düşünülür”.

Twitter: @ElchinMehdiyev

Teqlər: