“Tərtər işi” ilə bağlı keçirilən məhkəmədə Azərbaycan Ordusunun Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıqovun kadrlarından olan 4 rütbəli şəxsə hökm oxunub. Bir müddət öncə dörd nəfərlə birlikdə N.Sadıqovla bağlı istintaq orqanında araşdırma aparılması haqda vəkillər tərəfindən vəsadət verilsə də, generalın hələ ki, istintaqda dindirilməsi barədə məlumat yoxdur.
AzerTimes xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov yekunlaşan “Tərtər məhkəməsi” ilə bağlı cəmiyyətdə xeyli suallar olduğunu bildirib.
O, işin davam edəcəyini vurğulayıb:
“Məsələ hələ bundan sonra daha da alovlanacaq. Çünki məhkəmədə xeyli adlar səsləndirilib, faktlar dilə gətirilib. Həmin faktlarla da bağlı qərar verilməlidir. Düşünürəm ki, bununla əlaqədar yaxın vaxtlarda yeni məlumatlar eşidəcəyik. Nəcməddin Sadıqovun taleyinin necə olması haqqında dəqiq bir söz deyə bilmərəm. Onunla bağlı son qərarı istintaq orqanı və məhkəmə verə bilər”.
Hərbi ekspert məhkəmədə kifayət qədər vəsatətlər qaldırıldığını deyib:
“Vəsatətlərə uyğun olaraq da insanların müəyyən gözləntiləri və tələbləri var. Ona görə də rahatlıqla “Tərtər işi”nin bağlanmadığını deyirəm. Hələ çox adam dindiriləcək, dindirilməlidir və məsuliyyətə cəlb edilməlidir. İnanıram bunlar hamısı olacaq”.