Xəbər - Cani Babayeva – Trend:
Biz çox şadıq ki, Bakıda keçirilən akrobatika gimnastikası üzrə
dünya çempionatında uğur qazana bildik.
Bunu AzerTimes-a kişi cütlüyünün tərkibində mübarizə aparan
amerikalı idmançılar Briden Makduqal və Anxel Feliks deyib.
Xatırladaq ki, Bakıda keçirilən dünya çempionatında idmançıların
iki qızıl medalı var – kombinə edilmiş və templi hərəkətlərdə.
“Dünən və bu gün qazanılan medallar çox şey deməkdir, onlar
bizim gərgin zəhmətimizin, gərgin məşqlərimizin nəticəsidir.
Uğurlara, çempionatdakı qələbəyə görə məşqçilərimizə,
xoreoqraflarımıza, bu yolda bizə dəstək olan hər kəsə təşəkkürümüzü
bildiririk. Qələbələr, idman mükafatları bizi həvəsləndirir, idman
ruhumuzu yüksəldir”, – atletlər vurğulayıb.
Makduqal və Feliks 9 ildir ki, akrobatik gimnastika ilə məşğul
olduqlarını qeyd ediblər.
“Gimnastika bizim qarşımızda çoxlu imkanlar açıb. Biz şadıq ki,
həyatımızı idmanla bağlamışıq”, – amerikalı idmançılar
bildiriblər.
Bakıda keçirilən akrobatika gimnastikası üzrə dünya
çempionatının qızıl medalçıları da yarışın yüksək səviyyədə təşkil
olunduğunu qeyd ediblər.
Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edir.