Sabunçuda vətəndaşlar üçün yaranmış real təhlükə aradan qaldırılıb (FOTO)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsi, 38
ünvanında hündürlüyü təxminən 15 metr olan tüstü borusunun aşma
təhlükəsi ilə əlaqədar məlumat daxil olub.

Nazirlikdən AzerTimes-a bildirilib ki, məlumat dərhal aidiyyəti üzrə
yerli icra hakimiyyətinə ötürülüb. Bununla belə, havanın küləkli
olması nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin təmin
edilməsi və mümkün arzuolunmaz halların qarşısının vaxtında
alınması məqsədilə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və
Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin mütəxəssisləri qeyd olunan
ünvana cəlb olunub.

Agentliyin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı
yaşayış evlərinin bilavasitə yaxınlığında yerləşən borunun
təhlükəsizlik kəmərlərinin qırılması səbəbindən küləyin təsiri ilə
hər an aşma təhlükəsinin olduğu müəyyən edilib.

Qeyd olunanlar nəzərə alınaraq, ətrafda yaşayan vətəndaşların
təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirliyin Xüsusi Riskli
Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq
qüvvələri əraziyə cəlb edilməklə, Sənayedə İşlərin Təhlükəsiz
Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi və Mülki müdafiə
işinin təşkili Baş idarəsinin əməkdaşlarının nəzarəti altında
Sabunçu Rayon Fövqəladə Hallar Komissiyasının qüvvələri tərəfindən
borunun təhlükəsizlik kəmərlərinin bərpası və digər zəruri
tədbirlərin görülməsi təmin olunmaqla, vətəndaşlar üçün yaranmış
real təhlükə aradan qaldırılıb.

Teqlər: