Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 ayda
keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə
məşğul olan ümumilikdə 98 nəfər saxlanılıb.
AzerTimes-ın məlumatına görə,
aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində
cinayət işləri başlanılıb.
Saxlanılan şəxslərdən 64-ü barəsində məhkəmə tərəfindən həbs,
34-ü haqqında isə polisin nəzarəti altına vermə və digər növdən
olan qətimkan tədbirləri seçilib. Onlardan ümumilikdə 27 kiloqram
narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Qeyd edilən dövr ərzində Sabunçu Rayon Polis İdarəsinin
əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı Bakıxanov, Maştağa,
Balaxanı, Zabrat və digər ərazilərdə yerləşən evlərdən,
mağazalardan, ödəmə terminallarından silsilə oğurluqlar edən əlavə
19 nəfər saxlanılıb. Bu şəxslərin həmin ərazilərdə yerləşən 50-ə
yaxın evdən, eləcə də obyektdən pul, qızıl-zinət və məişət əşyaları
oğurladıqları müəyyən edilib.
Qeyd edilən faktların hər biri ilə bağlı Sabunçu Rayon Polis
İdarəsində araşdırmalar davam etdirilir.