Sabunçuda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin
edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun
olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə
tədbirlər davam etdirilir. “Azərsu” ASC tərəfindən yaradılmış
xüsusi qrupların araşdırmaları nəticəsində Sabunçu rayonunun Bilgəh
qəsəbəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları
aşkarlanıb.

Bilgəh qəsəbəsi Albalılıq massivində yerləşən istixanada içməli
sudan qanunsuz istifadə halı müəyyən edilib. Araşdırma zamanı məlum
olub ki, obyekt sahibi yaxınlıqdan keçən xəttə qanunsuz qoşulma
verərək sudan istifadə edir. Əvvəllər sudan qeyri-qanuni istifadəyə
görə akt yazılaraq dəymiş ziyan hesablansa da, obyekt sahibi təkrar
qoşulma etməklə qanunazidd əməllərinin davam etdirib.

Bilgəh qəsəbəsi Albalılıq massivində yaşayan bəzi sakinlər
texniki şərt olmadan, tikinti norma və qaydalarına uygun olmayaraq
su xətləri çəkiblər. Onlar təzyiq yaratmaq məqsədilə xəttin
üzərində bölüşdürücü çənlər quraşdırıblar və suyu evlərə həmin
çənlər vasitəsilə paylayıblar. Ərazidəki fərdi yaşayış evlərinin
əksəriyyəti sayğac quraşdırmadan sudan uçotsuz istifadə ediblər.
Bununla yanaşı, “Azərsu” əməkdaşlarına qapı açmayan sakinlər
muqavilə bağlamaqdan imtina edirlər. Aşkarlanmış qeyri-qanuni
xətlər ləgv olunub.

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbirlər görülüb, özbaşına
çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, Sudan istifadə
qaydalarının tələblərinə uyğun olaraq qanunsuz istifadəyə görə
dəymiş ziyan hesablanıb.

“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır
ki, qlobal iqlim dəyişikliyi ölkəmizin şirin su ehtiyatlarının
azalmasına səbəb olub və belə bir şəraitdə sudan israfçılıqla
istifadə edilməsi yolverilməzdir. Belə qanunazidd halların
qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına
çəkilmiş xətlər ləğv olunacaq, belə halları təkrar törədənlərlə
bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2022-ci ilin yanvar-aprel aylarında içməli sudan
qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 2982, Sabunçu rayonu
isə üzrə 545 fakt aşkarlanıb. Bununla əlaqədar müvafiq olaraq 797
min və 175 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Cari ilin
yanvar-aprel aylarında sudan qanunsuz istifadə ilə bağlı 100-dən
çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim
olunub.

Teqlər: