Şabranın doqquz kəndinə Şollar-Bakı kəmərindən su veriləcək (FOTO)

Şabran rayonunun Leyti, Ləcədi, Qələgah, Dağ Bilici, Zöhramı,
Mumlu, Pirəbədil, Sumağava, Sumağava Qazma yaşayış məntəqələrini
əhatə edən layihə 3000-dən çox sakinin içməli su problemini həll
edəcək.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən AzerTimes-a verilən məlumata görə, layihəyə
əsasən kəndlərə içməli su Şollar-Bakı su kəmərindən veriləcək.

Suyun optimal paylanmasını təmin etmək üçün kəndlərdə hər
birinin tutumu 100-300 kubmetr olan 5 ədəd su anbarı tikilr.
İkipilləli nasoslarla anbarlara çatdırılacaq suyun paylayıcı
şəbəkələrə ötürülməsi üçün 28 km uzunluğunda müxtəlif diametrli
magistral su xətləri çəkilib.

Layihə çərçivəsində 9 kəndin hər birində mərkəzləşdirilimiş
şəbəkə yaradılır və bu məqsədlə 38 km xəttin inşası planlaşdırılıb.
Eyni zamanda, kəndlərdə 965 evə birləşmə veriləcək və sayğaclar
quraşdırılacaq. Hazırda anbarlarda və şəbəkə xətlərində
tikinti-quraşdırma və sayğaclaşma işləri aparılır. Cari ilin iyun
ayında işlərin tam yekunlaşacağı və kəndlərə suyun verilməsi
nəzərdə tutulur.

Qeyd edək ki, Şabran rayonunun Leyti, Ləcədi, Qələgah, Dağ
Bilici, Zöhramı, Mumlu, Pirəbədil, Sumağava, Sumağava Qazma
kəndlərində mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri mövcud
olmayıb. Bəzi kəndlərin sakinləri içməli suya olan tələbatlarını
Dağ Bilici kəndi yaxınlığındakı Xırmı bulağından istifadə etməklə
ödəyib. Lakin son illər bulağın məhsuldarlığı azaldığından
kəndlərin tələbatı tam ödənilmirdi. Buna görə sakinlər içməli suyu
uzaq məsafədən daşıyır və ya maşınlarla alırdılar.

Teqlər: