Şabran rayonunda vətəndaşa məxsus həyətyanı sahənin qəsdən yandırıldığı məlum olub.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 19-da nazirliyin “112” qaynar telefon xəttinə Şabran rayonu, Ağalıq kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı fərdi yaşayış evləri və həyətyanı sahələrə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.
Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Anar Rafiq oğlu Şirinov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.