Xəbər - Samir Əli – Trend:
Sabirabadda uşaq bağçasında gözətçi qadını qətlə yetirən sabiq polis əməkdaşının barəsində olan cinayət işinin istintaqı başa çatıb.
AzerTimes-ın məlumatına görə, iş materialları baxılmaq üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İlkin Abdullayevin icratına verilib.
Yaxın günlərdə iş üzrə məhkəmənin hazırlıq iclasının vaxtı təyin ediləcək.
İttihama görə, hadisə iyulun 22-i saat 13 radələrində Sabirabad rayonunda baş verib.
Rayon sakini, 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin tanışı Əliağa Sultanov iyulun 21-i saat 21 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı küt əşya ilə Mübarək Ağayevanın baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetrirərək sonuncunu qəsdən öldürüb.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Əliağa Sultanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Ə. Sultanov Daxili İşlər Nazirliyinin Sabirabad Regional Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı olub.