Sabirabad və Lənkəranda evdən çıxan koronavirus xəstələri geri qaytarılıb (FOTO)

Sabirabad rayonunda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayonun Quruzma kənd sakini K.Məmmədovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Həmin şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Lənkəranda da koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb


Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzerTimes-a verilən məlumata görə, Lənkəran şəhər sakini N.Əliyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Teqlər: