Xəbər - Samir Əli – Trend:
Sabirabadda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Ramin Əhmədov saxlanılıb.
Polis əməkdaşları tərəfindən ona məxsus şəhər ərazisində yerləşən fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətyanı sahədən yaş çəkisi 13 kiloqrama yaxın olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 17 ədəd çətənə bitkisi, evdən və həyətində yerləşən tikilidən isə sellofan torbalarda və kibrit qutularında qablaşdırılmış ümumi çəkisi 11 kiloqrama yaxın olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.