Sabiq MİT-çidən Azərbaycanla bağlı mühüm açıqlama

Sabiq MİT-çidən Azərbaycanla bağlı mühüm açıqlama

AzerTimes Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) sabiq əməkdaşı, kəşfiyyat mütəxəssisi Əli Burak Darıcılının Globalinfo.az-a müsahibəsini təqdim edir:

– Əli bəy, bir neçə gün öncə MİT-in Diyarbəkirdə keçirdiyi əməliyyat nəticəsində bir İŞİD qruplaşması ifşa edildi. Bu qruplaşmanın etiraflarında Azərbaycanın onların növbəti hədəfi olduğunu qeyd ediblər. Məsələ tam olaraq necədir? İŞİD törəmələrinin Azərbaycan daxilində birbaşa əlaqəsi mövcud ola bilərmi?

– Bu, “Əxlaq və Sünnət Dərgisi” adı altında Diyarbəkirdə yaradılmış bir İŞİD qruplaşmasıdır. Bu qruplaşma onların ideologiyası çərçivəsində fəaliyyət göstərib. Əsas mərkəzləri isə Gürcüstan olub. Orada təlim keçiblər. Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) Diyarbəkirdəki üzvlərinə qarşı keçirdiyi əməliyyat nəticəsində Gürcüstandakı fəaliyyətləri ifşa edilir. Gürcüstan hökuməti və kəşfiyyat birlikləri ilə bu məsələ çərçivəsində əlaqə yaradılır. Nəticədə sözügedən birləşmənin üzvləri orada həbs edilirlər. Gürcüstanda dindirmə zamanı bu ölkədəki təşkilatlanmanı yekunlaşdırdıqdan sonra Azərbaycana keçəcəklərini və burada da struktur yaratmağı, təşkilatlanmağı planlaşdırdıqlarını etiraf edirlər. Növbəti hədəflərinin bu olduğunu söyləyirlər. Yəni İŞİD-in Azərbaycanla birbaşa əlaqəsi yoxdur. Sadəcə ifşa edilən qruplaşma növbəti hədəflərinin Azərbaycan olduğunu deyiblər ki, onlar da MİT-in əməliyyatı ilə saxlanıldılar.

– Hazırda İran və Azərbaycan kəşfiyyatı arasında mübarizə gedir deyə bilərik. Ölkəmizdə İrana çalışan casus şəbəkələrinin üzvləri ifşa olunur və həbs edilir. Hətta İran mərkəzli “Kərimə dövlət” adı altında Azərbaycana qarşı çalışan qruplaşmanın rəhbərləri də Qum şəhərində saxlanıldılar. Sonradan SEPAH-ın məsələyə qarışması ilə azad edildilər. Mövcud proseslər çərçivəsində İran casus şəbəkəsinin məqsədi nə ola bilər? Sizin dəyərləndirməniz necədir?

– Azərbaycan II Qarabağ müharibəsində qələbə qazandıqdan sonrakı müddətdə Türkiyə ilə münasibətləri daha da möhkəmləndi. Paralel olaraq Azərbaycanın İsraillə münasibətləri də kifayət qədər yaxşıdır. İsrail müharibə zamanı Türkiyədən sonra ən çox dəstək göstərən ölkələrdən biri idi. Nəticə olaraq Türkiyə və İsraillə münasibətləri yaxşı olan, ordusunu, kəşfiyyat sistemini gücləndirən Azərbaycanın artıq Qafqazda daha müstəqil siyasət yürütməsi, həmçinin Türkiyə ilə strateji olaraq əməkdaşlıq səviyyəsində yaxşı əlaqələrinin olması kimi amillər İranı narahat edir. Ona görə də İranın Azərbaycana qarşı təxribatlarında çox ciddi artım var. Çünki Tehran Azərbaycanın inkişafından, güclü kəşfiyyat strukturu qurmasından, ordusunu möhkəmləndirməsindən narahatdır. Azərbaycanın hökumət sistemi gücləndikcə, Tehranın Bakıya qarşı şiəlik üzərindən əldə etməyə çalışdığı güc zəifləyir. O cümlədən Güney azərbaycanlıların şimalla əlaqələr yaratma ehtimalını nəzər alaraq Azərbaycan ərazisində sıx kəşfiyyat sistemi formalaşdırmağa çalışır. Amma Azərbaycan kəşfiyyat strukturu çox uğurlu bir şəkildə İran şəbəkəsinin üzvlərini ifşa edir və qarşısını alır. İki ölkə arasındakı bu gərginliyin konkret nəticələrindən biri də Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum idi. Bütün bunların fonunda Azərbaycanla İran arasında münasibətlər gərgindir, gələcək zamanda da bu gərginlik davam edəcək.

– Azərbaycanın daxili kəşfiyyat strukturu hesab olunan DTX ilə Türkiyənin kəşfiyyat idarəsi MİT arasında müəyyən əməkdaşlıq varmı? Hazırkı proseslərdə bu əməkdaşlıq necə bir rol oynayır?

– Kəşfiyyat xidmətlərinin fəaliyyətləri gizlidir. Hesab edirəm ki, Azərbaycanla Türkiyənin kəşfiyyat strukturları arasında hazırda müəyyən əməkdaşlıq var və gələcəkdə də olacaq. Ortaq hədəf istiqamətində çalışırlar. İki ölkə arasında həm qardaşlıq, həm də strateji əlaqələr mövcuddur. Hər ikisi bir-birini həm də strateji ortaq olaraq görürlər. O səbəblə kəşfiyyat strukturları indi də sıx əməkdaşlıq edirlər deyə düşünürəm. Hazırda hədəf İran kəşfiyyatıdır və əminəm ki, onun son zamanlarda Türkiyə də artan fəaliyyətləri vardır.

– Əli bəy, Azərbaycanın Türkiyə ilə yanaşı İsraillə də sıx əməkdaşlığını nəzərə alsaq, iki ölkə arasında bu əlaqələrin kəşfiyyat strukturlarının fəaliyyətinə də yansıdığını söyləmək mümkündürmü?

– Türkiyədən sonra Azərbaycanla yaxın münasibətləri olan ölkə İsraildir. O səbəblə düşünürəm ki, İsrail kəşfiyyat strukturu olan MOSSAD-ın da Azərbaycan kəşfiyyat strukturu ilə yaxşı əlaqələri vardır. Azərbaycan kəşfiyyat xidməti də hazırda tək başına çox güclüdür. Sistemə artıq bələddirlər. Əminəm ki, Türkiyə ordusu Azərbaycan ordusunun inkişafına təlimlərlə dəstək verdiyi kimi, kəşfiyyat xidmətləri arasında da bu dəstək göstərilir. Bütün bunlar təbii ki gizli məlumatlardır, bu mövzuda sadəcə təxminlərimizi səsləndirə bilərik.

Teqlər: