Sabiq icra başçısına qarşı terrorda təqsirləndirilən şəxslər bəraət istəyir

Xəbər - Samir Əli – Trend:

Bakı Apelyasiya Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və dəstə üzvlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cəfər Zalovun vəkili müdafiə çıxışı edib.

Vəkil bildirib ki, müvəkkili barəsində birinci instansiya məhkəməsi ədalətli aparılmayıb.

Müdafiəçi bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslər zamanı 30-dan çox vəsatəti rədd olunub.

C.Zalov vəkilinin çıxışını müdafiə edərək məhkəmədən bəraət qərarı çıxarmasını xahiş edib.

Daha sonra vəkil Zibeydə Sadıqova Gəncə hadisələri zamanı təqsirli bilinən, lakin öldüyü üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş Ağa Sərxaniyə verilmiş ittihamlar üzrə çıxış edib. Z.Sadıqova bildirib ki, Ağa Sərxani sadəcə ibadət əhli olub.

Gəncə hadisəsi baş verən zaman Bakıya gəlməsinin səbəbi isə adının bu işdə hallanmasını istəməməsi olub.

Müdafiəçi A.Sərxaninin cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.


Prosesdə digər vəfat etmiş təqsirləndirilən Anar Bağırovun hüquqi varisi kimi tanınmış bacısı çıxış edib.

Hüquqi varis qardaşının cinayət işi üzrə birinci instansiya məhkəməsinin qərarından narazı qaldığını bildirərək, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edib.

Növbəti proses noyabrın 23-ə təyin olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yunis Səfərov ömürlük, digər təqsirləndirilən 9 nəfər isə 18-20 il müddətinə azadlıqdan məhrum ediliblər.

İttihama görə, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə cinayət işi başlanılıb.

Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb

Teqlər: