Sabiq diplomat Vəhdət Sultanzadə vəfat edib

Azərbaycan diplomatiyasının ağsaqqalı, fövqəladə və səlahiyyətli
səfir Vəhdət Sultanzadə 87 yaşında vəfat edib.

Bu barədə Trend-ə mərhumun yaxınları məlumat verib.

Mərhum ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, Vəhdət Sultanzadə diplomatik fəaliyyəti dövrü (55
il) ərzində müxtəlif rəhbər vəzifələri tutub. Keçmiş SSRİ-nin
mükafatları ilə təltif edilib. Birləşmiş Millətlər Təşkilatının
“Dünyada sülhün qorunması işinə verdiyi töhfəyə görə” yubiley
medalı ilə mükafatlandırılıb. Müxtəlif missiyaların tərkibində
İndoneziyada, Pakistanda, Efiopiyada, Meksikada və digər ölkələrdə
fəaliyyət göstərib.

Vəhdət Məmmədağa oğlu Sultanzadə 1935-ci il oktyabrın 14-də Bakı
şəhərində anadan olub. Orta təhsilini Bakıda 6 saylı məktəbdə alıb.
Azərbaycan Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin
məzunudur.

O, 1970-1980-ci illərdə səfirlikdə müxtəlif vəzifələr tutub.
SSRİ-nin İran İslam Respublikasındakı konsulu olub. 1-ci dərəcəli
Müşavir diplomatik dərəcəsini alıb.

2006-2010-ci illərdə Azərbaycan Respublikasının Türkmənistandakı
səfirliyində müşavir kimi fəaliyyət göstərib.

“Qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə”
Türkmənistanın dövlət mükafatına – “Vatana bolan söýgüsi üçin”
(“Vətənə sevgisinə görə”) medalı ilə təltif edilib.

2010-2015-ci illər aralığında Azərbaycan Respublikasının
Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini
tutub.

2015-ci ildə Azərbaycan Respublikasının Əfqanıstan İslam
Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. (Azərbaycan
Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri
olmaqla yanaşı).

Teqlər: