Xəbər verdiyimiz kimi, mayın 3-də Astara rayonun Şümrüd kənd sakini 1969-cu il təvəllüdlü Eynəli Əzizovun kəndin meşəlik ərazisində üzərində xəsarət izləri olan meyitinin aşkar olunması faktına görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.
AzerTimes xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətləri birgə məlumat yayıb.
Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən birgə keçirilən tədbirlər nəticəsində rayonun Şümrüd kənd sakini, 1996-cı il təvəllüdlü Aslan Şüvünəliyevin şəxsi münasibətlər zəminində balta ilə Eynəli Əzizova xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Aslan Şüvünəliyev iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.
Qeyd edək ki, mərhum Şümrüd kənd məktəbində vaxtı ilə müəllim işləyib. Onun heyvandarlıq təsərrüfatının və ticarət obyektinin olduğu bildirilir. O eyni zamanda bələdiyyə sədri kimi də çalışıb.