Pakistanın ən nüfuzlu universitetlərindən biri olan Müasir Dillər Universitetində Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü və təşkilatçılığı, eləcə də ölkəmizin Pakistandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin açılışı olub.
AzerTimes xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, Azərbaycan Respublikasının millət vəkili, ADU-nun sosial məsələlər üzrə prorektoru Tamam Cəfərova, ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Novruz Məmmədov, ADU-nun xarici mərkəzlərlə iş bölməsinin müdiri Anar Rəhimov, Pakistanın Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər, bu universitetin prorektorları, müəllim və tələbə heyəti, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.
Pakistanın Müasir Dillər Universitetinin (NUML) prorektoru Zubair İqbal tədbirdə çıxış edərək Pakistanda səfərdə olan Azərbaycan nümayəndə heyətini salamlayıb və onları NUML-da görməkdən məmnun olduqlarını bildirib. Azərbaycan və Pakistanın iki qardaş ölkə olduqlarını ifadə edən prorektor Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin, NUML-da isə Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsinin ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da möhkəmlənməsində xüsusi rol oynayacağını qeyd edib.
Professor Novruz Məmmədov tədbirdə çıxış edərək dərin tarixi köklərə malik Azərbaycan-Pakistan münasibətlərindən danışıb və bu əlaqələrin strateji səviyyəyə çatmasında hər iki ölkə rəhbərlərinin rolunu xüsusi qeyd edib. Pakistanın Ermənistanı işğalçılıq siyasətinə görə dövlət kimi tanımadığını qeyd edən Novruz Məmmədov bu illər ərzində, həmçinin, 44 günlük Vətən müharibəsi zamanı qardaş Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi vurğulayıb və bu ölkənin hökumətinə və xalqına təşəkkürünü çatdırıb.
Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov öz çıxışında Azərbaycan-Pakistan münasibətlərindən söhbət açaraq əlaqələrin daha da gücləndirilməsi üçün görülmüş işlərdən danışıb.
Səfir Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində Pakistan Senatı tərəfindən yekdilliklə qəbul olunmuş Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə dəstəyi ifadə edən, Xocalı soyqırımını qınayan, həmçinin qarşılıqlı əlaqələrin daha da gücləndirilməsini təşviq edən qətnaməni xüsusi vurğulayaraq bu qətnamənin iki ölkə arasındakı qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu bildirib.
Tədbirdən sonra Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin açılışını bildirən rəmzi qırmızı lent kəsilib və Mərkəzdə yaradılmış şəraitlə tanış olunub.