Xəbər - Çingiz Səfərli -Trend:
Ötən illərlə müqayisədə şadlıq saraylarında menyuların qiyməti böyük miqdarda artırılıb. Belə ki, restoran sahibləri gəlirlərindən məhrum olmamaq üçün toy mərasimlərdə qonaq sayının az olmasını qiymətləri artırmaqla kompensasiya etməyə çalışırlar.
Bu barədə AzerTimes-a açıqlama verən iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov süni şəkildə qiymət artımının müşahidə edildiyini deyib.
Onun sözlərinə görə, bu, əsasən tələbin yüksək olmasından irəli gəlir. Pandemiyadan öncə də bəzi ölkələrdə toya gələn qonaqların sayının tənzimlənməsi barədə qaydalar var idi. Məsələn, Tacikistanda belə qaydalar tətbiq olunurdu: “Amma toyda menyunun qiymətinin tənzimlənməsi ilə bağlı demək olar ki digər ölkələrdə də xüsusi qaydalar tətbiq olunmur. İnkişaf etmiş ölkələrdə və digər MDB ölkələrində bu, tələb-təklif əsasında formalaşır. Təbii ki, toylara tələb yüksəkdir. Gələn ayın 1-dən etibarən kifayət qədər böyük sifarişlərin olacağı gözlənilir. Tələb yüksək olduğuna görə, çox təəssüf ki, bir sıra şadlıq saraylarının sahibləri süni şəkildə qiymət artımına gedirlər və xüsusən pandemiya dövründə işləmədikləri üçün menyuları daha yüksək qiymətə təklif edirlər”.
Millət vəkili həmçinin bildirib ki, şadlıq saraylarının sahibləri əhalinin aztəminatlı təbəqəsini də nəzərə almalı və məsələyə həm də sosial korporativ aspektdən yanaşmalıdırlar. Şadlıq saraylarının sahibləri nəzərə almalıdırlar ki, pandemiya təkcə onlara yox, əksər sektorlara və praktiki olaraq bütün ölkələrə təsir göstərib.
“Burda inzibati tənzimlənmə metodundan istifadə edilməsi real görünməsə də, amma sosial korporativ məsuliyyət məsələsi vacibdir. Sahibkarların məsələyə sosial korporativ məsuliyyət aspektindən yanaşmasına ehtiyac var. Qiymətlərin süni şəkildə artırılması deyil, vətəndaşlar üçün əlçatan olması olduqca vacibdir. Daha məqsədəuyğun olardı ki, şadlıq saraylarının sahibləri pandemiyanın əksər sahələrə təsirlərini nəzərə alaraq, uyğun menyu təklif etsinlər ki, uzun müddət toy etmək arzusunda olan, lakin bunu reallaşdıra bilməyən aztəminatlı ailələr də bu imkanlardan istifdadə etsinlər” – deyə deputat bildirib.