Sabahdan paytaxtın uşaq bağçaları elektron qaydada qəbula keçir

02 avqust 2021-ci il saat 9:00 dan etibarən “bakibagcayaqebul.edu.az” saytı aktivləşdiriləcəkdir və ilkin olaraq sayt vasitəsi ilə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssələrinə uşaqların elektron qaydada qəbulu həyata keçiriləcəkdir.

AzerTimes-ın məlumatına görə, ölkə başçısının tağşırıqlarına uyğun olaraq Bakı şəhərinin məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulunda şəffaflığın təmin edilməsi ilə bağlı uşaq bağçalarına uşaqların qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatdırılıb. Artıq valideynlər evdən çıxmayaraq, innovativ əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçasına qeydiyyata ala bilərlər.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən pilot layihə kimi seçilən Nizami rayonunda bütün hazırlıq və təşkilati işlər həyata keçirilib. Bağçalara uşaq qəbulunun elektron qaydada həyata keçirilməsi üçün “bakibagcayaqebul.edu.az” saytı yaradılıb və istifadəçiləri maraqlandıran bütün suallar, o cümlədən qeydiyyatdan keçmə qaydası, məlumatların daxil edilməsi, uşaqların müəssisələrə qəbulu ilə bağlı sualların cavabları bu saytda yerləşdirilib. Saytın istifadəyə verilməsi üçün sınaq testləri keçirilib və avqust ayının 2-dən saat 9:00 dan etibarən sayt fəaliyyətə başlayacaqdır.

Valıdeynlər sayta daxil olaraq müəssisənin adı yazılmış xanaya toxunmaqla müəssisədə övladının yaşına uyğun boş yerlər barədə məlumatı əldə edə biləcək, boş uşaq yeri olmadıqda vətəndaşa əraziyə yaxın 5 bağçada növbəyə dayanmaq seçimi təklif ediləcəkdir.

İlk gündən etibarən prosses zamanı vətəndaşların qarşılaşdıqları problemlərin operativ həlli, qarşıya çıxan sualların cavablandırlması, mübahisəli məqamların aydınlaşdırılması ilə bağlı iş günləri saat 09-00-dan 18-00-a kimi “ *22-24” nömrəli qaynar xətt fəaliyyət göstərəcək və onun fəaliyyəti üçün elektron xidmət qrupu yaradılıb.

Elektron qəbul sistemi iş prosesində qarşıya çıxan nöqsanlar, rəylər və təkliflər əsasında təkmilləşdiriləcək, Nizami rayonunda layihənin tətbiqindən sonra mərhələli şəkildə digər rayonlardada elektron qəbul sisteminin tətbiqi həyata keçiriləcəkdir.

Teqlər: