Sabah müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanması üzrə müsabiqə başlayacaq

Xəbər - Humay Ağacanova – Trend:

Sabah 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu
müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olunmuş
namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə
daimiləşmə müsabiqəsinə start veriləcək.

Təhsil Nazirliyindən
Trend
-ə verilən məlumata görə, daimiləşmə müsabiqəsində cari
tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində
zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta
ixtisas və ya ali təhsil almış, 31 yanvar 2022-ci ilədək müvafiq
vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş
şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün elektron sənəd qəbulu 1-7 mart
tarixlərində həyata keçiriləcək. Namizədlər 1 mart saat 00:00-dan
etibarən www.miq.edu.az/muqavile saytına daxil olaraq daimiləşmə
müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün son tarix 7 mart saat 23:59-dur.

Qeyd edək ki, cari tədris ili üzrə daimiləşmə müsabiqəsi ənənəvi
formatda həyata keçiriləcək. Namizədlərin daxil etdiyi məlumatlar
yoxlanıldıqdan sonra müsahibənin keçiriləcəyi tarix, saat və məkan
barədə məlumat şəxsi səhifələrə göndəriləcək.


Eyni zamanda mövcud qaydalara görə, daimiləşmə müsabiqəsində
uğur qazanan şəxslərin üç tədris ili ərzində keçiriləcək
müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində iştirakı
təmin olunmayacaq.

Əlavə olaraq, namizədlər www.miq.edu.az/muqavile saytında “Sual-cavab”
bölməsinə daxil olaraq müsabiqə ilə bağlı ətraflı məlumat əldə edə
bilərlər:

Teqlər: