Sabah milli parklarda “açıq qapı” günü keçiriləcək

Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar mayın 22-də
Azərbaycanın milli parklarında “açıq qapı” günü təşkil
olunacaq.

Trend xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin
rəsmisi Arzu Babayeva bildirib ki, ölkəmizin təbii mühitinin bütün
komponentləri milli parkları əhatə edən geniş bir ərazidə mühafizə
olunur və biz bununla həm də planetin zəngin bioloji
müxtəlifliyinin qorunmasına töhfə veririk.

“Dünya builki biomüxtəliflik gününə “Bütün canlılar üçün ortaq
gələcək qurmaq” kimi mühüm bir çağırışla qoşulur. Bu o deməkdir ki,
biz hamımız təbiətlə bağlı bütün problemlərin həllinə, iqlim
dəyişmələrinin fəsadlarının önlənməsinə, insan və digər bütün
canlıların sağlamlığına xələl gətirən təsirlərin aradan
qaldırılmasına, onların yaşayış yerlərinin davamlılığının təmin
edilməsinə, həmçinin ərzaq və su təhlükəsizliyi kimi aktual
problemləri gündəmə gətirməklə birgə fəaliyyətə qoşulmalıyıq.
Planetimiz və mövcudluğumuz üçün olduqca vacib sayılan bu əlamətdar
gündə hamılıqla bu bəşəri çağırışlara dəstək olaq, milli
parklarımıza səfər etməklə təbii gözəllikləri bir daha görüb, onun
qədrini bilməyə alışaq!”

A. Babayevanın sözlərinə görə, planetin bioloji irsinin
mühafizəsi sahəsində dünya ölkələrinin əlaqələndirilmiş şəkildə
fəaliyyətinin həyata keçirilməsi məqsədilə 1992-ci ildə Keniyanın
Nayrobi şəhərində əsası qoyulan Bioloji Müxtəliflik haqqında
Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000-ci ildə
qoşulub və həmin ildən etibarən hər il 22 may tarixi ölkəmizdə də
Beynəlxalq Biomüxtəliflik günü kimi qeyd olunur.

Teqlər: